Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib
# 27 aprel 2016 19:25 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, hər iki qarşılaşma paytaxtda baş tutub.

Günün ilk oyununda “İnter”lə “Qarabağ” meydana çıxıb. Premyer Liqanın lideri ilə üçüncüsü arasındakı oyun “İnter Arena”da keçirilib.

Görüş ağdamlıların darmadağını ilə yekunlaşıb. Rəqib meydanında 4:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri cavab matçını formallığa çevirərək finalın qapısını aralayıblar. Dani Kintana və Reynaldonun hərəyə bir qol vurduğu matçda ispaniyalı yarımmüdafiəçi Migel Madera dublla yadda qalıb.

Günün ikinci oyunu isə 8-ci km qəsəbə stadionunda keçirilib. İki il əvvəl finalda üz-üzə gələn “Neftçi” ilə “Qəbələ” bu dəfə bir öncəki mərhələdə qarşılaşıblar. Erkən qolla hesabı açan qonaqlar ilk yarını öndə bitiriblər. Oyunun sonuna 20 dəqiqə almış Rəhman Hacıyev fərqlənərək status-kvonu bərpa etdi. Bu, oyunda vurulan son qol oldu.

Cütün taleyi isə Qəbələdəki matçda həll olunacaq.

Qeyd edək ki, kubokun cavab oyunları mayın 4-də keçiriləcək.


Azərbaycan kuboku

1/2 final, ilk oyunlar
27 aprel (çərşənbə)

“Neftçi” – “Qəbələ” - 1:1

Qollar: Rəhman Hacıyev, 71 - Aleksey Qay, 5

“İnter” – “Qarabağ” - 0:4

Qollar: Migel Madera, 19, 60, Kintana, 67; Reynaldo, 84

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR