Oqtay Əsədov Belarus Milli Məclisi Respublika Şurasının sədri ilə görüşüb

Oqtay Əsədov Belarus Milli Məclisi Respublika Şurasının sədri ilə görüşüb
# 25 aprel 2016 16:50 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, parlament sədri qonağın ölkəmizə səfərini və Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakını yüksək dəyərləndirib. O qeyd edib ki, bu cür görüşlər ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

O. Əsədov Azərbaycanın iştirak etdiyi qlobal neft və qaz layihələri barədə söhbət açaraq, qeyri-neft sahəsində Belarusla da müvəffəqiyyətlə əməkdaşlıq etdiyini söyləyib. Spiker ümidvar olduğunu bildirib ki, bu əməkdaşlığımız gələcəkdə daha da genişlənəcək.

Mixail Myasnikoviç Bakıda BMT-nin yüksək səviyyəli tədbirinin keçirilməsini Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu ilə əlaqələndirib. Qonaq qeyd edib ki, Azərbaycanın həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər dost ölkə kimi onları da sevindirir: “Ölkələrimiz arasında təkcə siyasi deyil, iqtisadi, mədəni humanitar sahələrdə də əlaqələri genişləndirmək üçün geniş imkanlar var. Deputatlarımızın müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi görüşləri və onları maraqlandıran məsələlər ətrafında aparılan dialoq əməkdaşlığımızın gələcək inkişafı baxımından əhəmiyyətlidir".

Qəbulda parlamentlərarası əlaqələrin daha da dərinləşməsi, regional münaqişələrin həlli yolları, iqtisadi sahədə əməkdaşlığın yeni səviyyəyə qaldırılması və digər məsələlər ətrafında söhbətlər aparılıb.

Görüşdə parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədri, Belarus Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Ziyad Səmədzadə, Belarus Respublikasının ölkəmizdəki səfiri Gennadiy Axramoviç, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə və digər rəsmi şəxslər iştirak edirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR