BANM-in tələbəsi “Famelab” yarışmasında birinci olub

BANM-in tələbəsi “Famelab” yarışmasında birinci olub
# 06 may 2016 10:02 (UTC +04:00)

Bakı-APA. “British Council” və Qafqaz Universitetinin birgə layihəsi olan Famelab - Şöhrət Laboratoriyası yarışmasının final mərhələsi keçirilib.

Elm və ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan 18-35 yaşlı iştirakçılardan 10 nəfər final mərhələsində iştirak edib. Bu barədə APA-ya Bakı Ali Neft Məktəbinin (BANM) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. BANM-in tələbəsi Mirlan Kərimovun “Mexaniki dalğalar və rezonans” mövzusunda, ADA Universitetinin tələbələri Samir Məmmədovun “Kriptoqrafiya” mövzusunda, Könül Qurbanlının “Qlobal Peyk Sistemi” mövzusunda, Qafqaz Universitetinin tələbələri Minəxanım Babayevanın “Kainatın tarixi” mövzusunda, Vasif Cavadlının “Ehtiyat avtomat sistemi” mövzusunda, Nuran Həsənovun “İşıqların rənglərə parçalanması” mövzusunda, Leyla İbrahimlinin “Çoxbilmiş su” mövzusunda, Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Nəcəfzadənin “Streslər” mövzusunda, Azərbaycan Tibb Universitetinin tələbəsi Arzu Rəsulzadənin “Göz yanılmaları” mövzusunda təqdimatları maraqla qarşılanıb.

Yarışmada I yerin və “Ən çox rəğbət qazanan” yerin qalibi BANM-in tələbəsi Mirlan Kərimov, II yerin qalibi ADA Universitetinin tələbəsi Samir Məmmədov, III yerin qalibi isə Azərbaycan Tibb Universitetinin tələbəsi Arzu Rəsulzadə olublar.

Finalda birinci yerə layiq görülən layihə 2016-cı ilin iyun ayında Böyük Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”nda ölkəmizi təmsil edəcək.

Yarışın sonunda Qafqaz Universitetinin rektoru professor Əhmət Saniç və “British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt iştirakçılara hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Böyük Britaniyanın “Çeltenham Elm Festivalı” tərəfindən yaradılan yarışmanın məqsədi elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR