BMT-nin ali nümayəndəsi: “Sülhə aparan yol insanların qəlbindən keçir”

BMT-nin ali nümayəndəsi: “Sülhə aparan yol insanların qəlbindən keçir”
# 26 aprel 2016 09:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndiririk”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser deyib. Ali nümayəndə bildirib ki, Alyans qütbləşmənin qarşısını almaqla daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün qurulmuş mexanizm rolunu oynayır: “Bu ilin mövzusu inklüziv cəmiyyətlərdə birgə yaşama, çağırış və məqsəd mövzusudur. Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməlidir. Davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. Gender bərabərsizliyi, gənclər arasında işsizlik insanları radikallığa sürükləyir. Təhlükəsizlik məsələlərinə birtərəfli diqqət nəticə vermir. Biz zorakı ekstremizm səbəblərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməliyik. Bir çox gənc ona görə ekstremizmə qoşulur ki, layiqli həyatdan məhrumdur. Biz daha yaxşı həyat düşüncəsinə dəstək olmalıyıq. Gənclərin səsi siyasi qərarların qəbul edilməsində eşidilməlidir. Gənclər inklüziv cəmiyyətlərin qurulmasında mühüm elementdir. Bütün bunların hamısı BMT-nin Sivilizasiyalar Alyansının mandatına daxildir. Biz BMT-nin digər qurumları ilə birlikdə zorakı ekstremizmə qarşı proqramın hazırlanmasında iştirak etmişik. Din və təhsil məsələlərinə bu aspektdə xüsusi diqqət yetiriləcək”.

Nassir Abdulaziz Al-Nasser bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının proqramları tolerantlıq və multikulturalizmi təbliğ edir: “Biz ədavət və etimadsızlığın təbliğinə qarşı çıxmalıyıq. Miqrantlar terrorçu təşkilatlar tərəfindən böyük risklə üzləşiblər. Miqrantlara fərqli münasibət olmamalıdır. Bütün bunlar son 10 ildə əldə edilmiş nailiyyətləri təhlükə altında qoyur. Səylərimizi artırmalıyıq, heç kim bu işdən kənarda qalmamalıdır. Sülhə aparan yol insanların qəlbindən keçir. Ümid edirik ki, bu Alyans insanların beyninə və qəlbinə yol açacaq ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR