Aureliya Qriqoriu Multikulturalizm Mərkəzinin bəzi ölkələr üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

Aureliya Qriqoriu Multikulturalizm Mərkəzinin bəzi ölkələr üzrə səlahiyyətli nümayəndəsi təyin edilib
# 04 may 2016 16:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Moldovanın tanınmış ictimai-siyasi xadimi, Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu ilə görüş keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, BBMM-in rəhbərliyi və Məşvərət Şurasının Elm komissiyasının sədri, akademik Vaqif Abbasov, Din məsələləri üzrə komissiyanın sədri Gündüz İsmayılovun da iştirak etdiyi görüşdə Mərkəzin icraçı direktoru Azad Məmmədovla Aureliya Qriqoriu arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən Moldova filialının fəaliyyətini təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumuna əsasən mərkəzi qərargahı Moldova filialı olmaqla Aureliya Qriqoriu həmçinin BBMM-in Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin də səlahiyyətli nümayəndəsi təyin edilib.

Filial Azərbaycanın və Moldovanın milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar və disputlar təşkil edəcək.

A. Qriqoriu Azərbaycanın və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin maraqlarından çıxış etməyin böyük şərəf olduğunu söyləyib: "Azərbaycan mənim xüsusi münasibət bəslədiyim sevimli ölkədir. Düşünürəm ki, fenomen hesab etdiyim Azərbaycan multikulturalizmindən bütün dünya örnək götürməlidir. Çünki multikulturalizm hazırda dünyada yayılmış terrorun, ksenofobiyanın, irqçiliyin alternatividir. Mənim fikrimcə, bir məsələni xüsusi təqdirlə vurğulamaq lazımdır: Azərbaycanda multikulturalizm əsrlərə söykənən dəyər olmaqla qalmayıb, həm də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə ilk siyasi qərarları isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qəbul edib və həyata keçirib. Bu siyasi xətt hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Torpağının 20 faizi işğal olunmuş və ərazisində bir milyondan artıq qaçqın və məcburi köçkünün məskunlaşdığı bir ölkənin hazırda da multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətinə çevirməsi bu dövlətə və hökumətə olan hörməti daha da artırır. Keşmiş SSRİ-nin tərkibində yerləşən respublikalardan Azərbaycan yeganə ölkədir ki, ərazisində müxtəlif etnik mənşəyə və fərqli dinə mənsub onlarla xalqın nümayəndəsi heç bir problem olmadan, qardaşcasına yaşayırlar. Azərbaycanın dünyanın ən tolerant ölkələri siyahısında ilk beşlikdə yer alması təsadüfi deyil. BBMM-in filial rəhbəri olaraq Azərbaycan multikulturalizmini bu keyfiyyətdə və belə bir miqyasda Şərqi və Mərkəzi Avropada təmsil edəcəyim üçün çox şadam və bundan qurür duyuram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR