Rio de Janeyroda “Azərbaycan Mədəniyyət həftəsi” keçiriləcək

Rio de Janeyroda “Azərbaycan Mədəniyyət həftəsi” keçiriləcək
# 13 aprel 2015 13:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 21-dən 27-dək Rio de Janeyroda “Azərbaycan Mədəniyyət həftəsi” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət həftəsi Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfirliyinin müraciəti, Rio de Janeyro şəhər meriyasının təklifinə əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçiriləcək.

Cənubi Amerikada ilk dəfə olaraq keçirilən və Rio de Janeyronun 450 illiyinə təsadüf edən Mədəniyyət həftəsi çərçivəsində milli mətbəx nümunələri təqdim olunacaq, Azərbaycanın mədəniyyətini, tarix və memarlıq abidələrini, təbiət mənzərələrini və turizm potensialını əks etdirən “Azərbaycan dünən, bu gün və sabah” adlı fotosərgi açılacaq.

Nazirlikdən bildiriblər ki, tədbirlərdə xalq artisti Mənsum İbrahimovun, muğam ifaçısı Arzu Əliyevanın muğam konserti və Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin milli rəqs, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin və “Trio Qarabağ” muğam qrupunun konsertləri, “Nabat”, “Hakim haradadır?” filmlərinin nümayişi də keçiriləcək.

Tədbirlər Rio de Janeyronun “İncəsənət şəhəri”ndə (“Cidade des Artes”) – “Cafe das artes”, “Gallery”, “Teatro de Camara”, “Sala de Leitura”, “Grande Sala” kimi tanınmış sənət məkanlarında təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR