"Əl-Əhram": Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verib

"Əl-Əhram": Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verib
# 05 iyun 2015 20:04 (UTC +04:00)

APA-nın məlumatına görə, qəzetin baş redaktor müavini Məhəmməd Osmanın müəllifi olduğu məqalədə Azərbaycanın İslam dünyası ilə Avropa arasında körpü rolunu oynadığı diqqətə çatdırılır.

Müəllif Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, Bakının qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi məkan olduğunu bildirərək yazıb: “Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 100-dən çox dövlətindən müxtəlif dinlərə və irqlərə mənsub nümayəndə heyətləri iştiak edir. Bu Forumda mədəniyyətlərarası dialoqla bağlı görülən işlər, həmçinin qlobal əhəmiyyətli məsələlər müzakirə olunur”.

M.Osman vurğulayıb ki, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsində mühüm rol oynamaqla yanaşı, iqtisadi imkanlarından istifadə edərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm paya sahibdir. Qeyd edilib ki, Azərbaycan Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların fəal üzvüdür.

Forumun əhəmiyyətindən danışan M.Osman müasir dünyada qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda mədəniyyətlərarası dialoqun qorunması ilə bağlı məsələlərin tanınmış şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları tərəfindən müzakirə edildiyini bildirib: “Forum çərçivəsində ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun keçirilməsində rolu, habelə təhsilin, incəsənətin, turizmin və mədəniyyətlərin yaxınlaşması ilə bağlı plenar ssessiyalarda geniş müzakirələr aparıldı”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M. Osman yazır: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iş aparsa da 20 ildən çoxdur ki, sülh danışıqlarında heç bir nəticə əldə olunmayıb. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Lakin həmin vaxt Ermənistan silahlı birləşmələri tərəfindən işğala məruz qalıb. Nəticədə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarından qovulub”.

Yazıda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən də bəhs edilir. Müəllif zəngin təbii sərvətlərə malik olan Azərbaycanın Xəzər dənizinin açıq dənizə çıxışı olmadığı halda neft və qazını boru kəməri vasitəsilə Qara dənizə və Aralıq dənizə, oradan da dünyanın müxtəlif ölkələrinə nəql olunduğunu qeyd edərək deyir: “Azərbaycan Avropanın enerji xəritəsini dəyişən ilk ölkədir”.

M.Osman Azərbaycanın iyunun 12-də Bakıda start veriləcək ilk Avropa Oyunlarına tam hazır olduğunu yazır. Onun sözlərinə görə, Azərbaycan belə möhtəşəm Oyunlara ev sahibliyi etməklə, adını tarixə yazacaq: “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi birinci Avropa Oyunlarına hazırlıq işlərini yekunlaşdırıb. Bu möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı bir neçə gün sonra avropalı qonaqları qəbul edəcək. Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona bu böyük idman tədbirinə ev sahibliyi etmək imkanı verir”.

M.Osman Azərbaycanın 2016-cı ildə sivilizasiyalararası dialoqun növbəti forumuna da ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR