Azərbaycanın Milan təntənəsi və ya pəncərəsi çiçəkli şəhər - REPORTAJ - FOTOSESSİYA

Azərbaycanın Milan təntənəsi və ya pəncərəsi çiçəkli şəhər - <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">FOTOSESSİYA
# 06 iyun 2015 07:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Səfər yoldaşlarımızdan biri qəribə xəbərlə gəlir:

- O xanım, - Malpensa hava limanında şüşə arxasında “əli pulla oynayan” qarabuğdayı italyan xanımı nişan verir, - deyir, Milanın xəritəsini və italyan-ingilis danışıq kitabçasını almasanız, sizə xırda pul verə bilməyəcəyəm.

Bu, qəribə yox, lap pis xəbər olur. Kitabçanın biri 12-15 avrodur, nəzərə alsaq ki, tutalım, 100 avrodan 20-30 avronu bu əl boyda kitabçalara verməli olacağıq, deməli, italyanların qarasınca deyinmək imandandır. Di gəl, bu umu-küsü tezcənə keçib gedir. Öz payıma deyirəm: şəxsən mən bəşəriyyətə mədəniyyətin bütün sahələrində dağ boyda istedadlar bəxş edən italyanları belə xırda məsələlərə görə incitməyin tərəfdarı deyiləm. Hə, vallah. Bu emosional-davakar adamlar insana məxsus bütün keyfiyyətlərə sahibdirlər: istedad, intellekt, iddia, təəssübkeşlik, mənfəətgirlik, oğurluq, mafiya qanunları... Ki, bunun Leonardo da Vinçisi, Umberto Ekosu, Pavarottisi, Fellinisi, Paqaninisi var. Ki, bunun “Yol”u, “Kabiriyanın gecələri”, “Tatar çölü”, “Dekameron”u, “Həyat gözəldir”i, “Velosiped oğruları” var. Hələ 60 faiz mədəni dünya mirasının İtaliyada olmasını demirəm.

Təsəvvür edirsinizmi, 60 faiz nə deməkdir?!

Avtobus şüşəsinin arxasından görünən ger-geniş, yamyaşıl küçələr, küçələrdə velosipedlə, ikinəfərlik maşınlarla şütüyən italyanların üzündəki xoşbəxtlik əsintisi Milanı maraqlı qadın kimi kəşf etməyə adamı həvəsləndirir.

* * *

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan səfərimizin məqsədi dünyanın 145 ölkəsinin, o cümlədən, Azərbaycanın təmsil olunduğu “Milan Expo-2015” sərgisində iştirak etmək idi. Milyon hektarlıq ərazidə təşkil olunan bu əzəmətli tədbirin reklamlarını şəhərin bütün böyük binalarında, avtobus və metrolarda, yol kənarlarında görmək olar. 39 avrodan olmaqla indiyədək 11 milyondan çox biletin satıldığı və oktyabradək davam edəcək tədbirdə Azərbaycan dörd mərtəbəli gözəl bir pavilyonla təmsil olunur. İyunun 1-dək online səsvermədə ölkəmizin pavilyonunun ən çox “like” toplamış üç ölkə arasında olması, pavilyonun dəyəri haqqında əlavə şərh verməmək üçün ciddi əsasdır. Amma heç bir mübaliğəsiz və sözün bütün mənalarında göz oxşayan, Azərbaycanın təbiətini, turizmini, mətbəxini, neft-qaz ehtiyatlarını interaktiv şəkildə əks etdirən bu “kiçik Azərbaycan” haqqında geniş danışmaq və şərh vermək vacibdir.

Milanla tanışlığı ssenariləşdirsək, süjet tələb edir ki, növbəti günün təəssüratlarını bir qədər sonraya saxlayaq. O günün ki, “Milan Expo”ya məhz növbəti gün – iyunun 2-də baş çəkdik. Şəhərin daşı-divarı, mədəniyyəti, adamları haqqında olan təəssüratlardan yaxa qurtarmadan, gündəlik on min ziyarətçinin baş çəkdiyi pavilyon haqqında detallı və əhatəli yazmaq məndən ötrü çətindir desəm, güman edirəm, səmimiyyətimə inanarsınız.

Yolçu yolda gərək...

Kiçik maşınlar, böyük qiymətlər...

Milan haqqındakı təəssüratlar həm də oradan başlayır ki, italyanların üzündə qəribə rahatlıq, izaholunmaz toxtaqlıq ifadəsi var. Az qala hər addımbaşı rastlaşdığımız velosiped və motosiklet dayanacaqları, rəngbərəng trolleybus və tramvaylar, kiçik maşınlar, “Jeep”siz küçələr bizi əməllicə təəccübləndirdi. Milanlıların kiçik maşınlarda gəzməsinin bir səbəbi də benzinin bizim pulla 2 manat 30 qəpiyə olmasıdır. Hündür və bahalı maşınlardan bir neçəsini yalnız şəhərin mərkəzindəki ticarət mərkəzlərinin və dəbdəbəli restoranların qarşısında görmək olar ki, onların da mafiya babalarına məxsus olmasını güman etmək mümkündür.

İtaliyada velosiped oğrularına hər yerdə təsadüf oluna bilər. Şəhərin müxtəlif yerlərində ağaca, daşa-divara qıfıllanan velosipedləri görəndə Vittorio de Sikanın “Velosiped oğruları” filmini xatırlamaq kifayətdir ki, “buzovlar ölkəsi” sakinlərinin həyatında bu ikitəkərli nəqliyyatın pay çoxluğunu və onu oğurlatdırmağın itkisini anlayasan.

Benzinin bahalığından söz düşmüşkən, turist şəhəri olması Milanı dünyanın ən bahalı şəhərlərindən birinə çevirib. Məsələn, metrodan bir dəfə üçün istifadə bizim pulla 1,50 qəpik, gündəlik içdiyimiz yarım litrlik qazlı və rəngli sular 1-3 manata, siqaret 5-6 manat, yüngül qəlyanaltı minimum 20 manatdır. Milan mənzil, nəqliyyat, ərzaq, paltar, ev əşyaları və əyləncə də daxil olmaqla dünyanın 200 ən bahalı şəhəri siyahısında 25-cidir. Şəhərdə yaşayan həmyerlimiz, rejissor Nihad İsanın dediyinə görə, Milanın ətrafında qiymətlər mərkəzə nisbətən 2-3 dəfə ucuzdur. Nihadın sözlərinə inansaq, təxminən Bakı qiymətlərinə. Həmyerlimizdən öyrəndim ki, İtaliyada müəllim saatından asılı olaraq azı 1200-1500 avro maaş alır.

Şəhərin çiçək ətri, qadınların tütün qoxusu...

Qəribədir ki, Milanda italyanlardan daha çox gəlmələrə təsadüf edilir. Şəhəri koreyalılar, çinlilər, yaponlar, hollandlar, ingilislər, mərakeşlilər, nigeriyalılar, pakistanlılar başına götürüb. Ən dəbdəbəli yerlərdə pakistanlıların, ərəblərin mağaza və bazarları var, otellərdə, restoran və kafelərdə qaradərililər çalışır. Xüsusən Milan dəmiryol vağzalı ətrafında ərəblərə və Afrikanın müxtəlif ölkələrindən gələn qaradərili insanlara rast gəlmək olur ki, onlar parklarda, küçələrdə gecələyir. Çoxu İtaliya ərazisinə daxil olan kimi pasportlarını yandırır ki, haradan olduğu bilinməsin, deportasiya mümkün olmasın. Şəhərdə ən çox cinayət törədənlər məhz gəlmələrdir. Polis artıq xırda cinayətlərə göz yummağa məcburdur. Obrazlı desək, Milan həbsxanalarında yer yoxdur. Hətta iqtisadi böhran dövründə xərclərə qənaət edilməsi üçün hökumətə həbsxanaların azaldılması təklif olunub. Şəhərin ən məşhur yeri – Duoma kilsəsinin qarşısına yolunuz düşsə, əlində qarğıdalı toxumları üstünüzə gələn ərəblərdən mümkün qədər uzaq gəzin. Onlar meydandakı göyərçinləri başınıza yığıb şəkil çəkilməsi qarşılığında 20 avronuzu əlinizdən ala bilərlər.

Şəhərin gəzməli, görməli yerləri çoxdur. Məsələn, Duomo di Milano, La Scala teatrı, Müqəddəs Ambroze bazilikası, Sforçesko qəsri və s. Hər bir italyan Duoma kafedral kilsəsi, dəmiryolu vağzalının əzəməti və möhtəşəmliyi ilə fəxr edə bilər. Gecə də olsa, vağzala baş çəkdik. İtalyanların Milano Centrale adlandırdığı vağzal 1931-ci ildə tikilib, Avropanın ən böyük dəmir yol vağzallarından sayılır. Hündürlüyü 72 metr olan vağzal binası gündəlik 330 000 nəfər sərnişinə xidmət edir.

Ümumiyyətlə, Milan Avropada ən böyük tramvay və trolleybus şəbəkəsinə malikdir. Trolleybus və tramvaylar az qala şəhərin bütün küçələrindən keçir və onların rəngbərəngliyi şəhərin gözəlliyini bir az da artırır. Milana xüsusi yaraşıq verən qədim binalarıdırsa, o memarlıq üslublu binaları yaraşığa mindirən pəncərələrdən asılan çiçəklərdir. Obrazlı desək, Milanı pəncərəsi çiçəkli şəhər adlandırmaq olar ki, hansı tikilinin tinindən keçirsən keç, çiçək ətrini mütləq burnun alacaq. İtini yanına salıb qəribə əda ilə siqaret tüstülədən italyan qadınlarının dərisinə hopan tütün iyini Milanın çiçək qoxusu ilə ancaq ötüşdürmək olar.

Azərbaycanın Milan təntənəsi...

İyunun 2-də “Milan Expo–2015” və Azərbaycan pavilyonu ilə tanış olduq. Dekmanus küçəsindəki milli pavilyonumuzun yeri, dizaynı, funksionallığı ziyarətçilərin rahat istifadəsinə hesablanmışdı. Azərbaycan pavilyonunun kontent meneceri Çeleste Sercianno, arxitektoru Ricardo Cigolottidir. Pavilyona fiziki qüsurlu və yaşlı istifadəçilərin rahatlığını təmin etmək üçün lift də quraşdırılıb.

Təsadüfi deyil ki, bir neçə gün əvvəl İtalyanın “Adnkronos” xəbər agentliyi “Azərbaycan pavilyonu “Milan Expo-2015” beynəlxalq sərgisinin göz qamaşdıran məkanıdır” başlıqlı məqalə yayımlamışdı. Agentlik yazır ki, hər gün təxminən 10 mindən çox insan möhtəşəmliyi ilə seçilən Azərbaycan pavilyonunu maraqla izləyir. Sərginin göz qamaşdıran məkanı adlandırılan bu pavilyonda incəsənətin, texnologiyanın, mədəniyyətin, kommunikasiyanın yaradıcı elementləri əksini tapıb. İtaliyanın “La Republica”, “Corriera della sera” kimi məşhur qəzetləri bu qəbildən olan yazılar hazırlayıblar.

“Milan Expo-2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyətə başlayıb. Sərgi “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilir. “Expo”da 54 ölkə, o cümlədən, Azərbaycan milli pavilyonla təmsil olunur.

Maraqlıdır ki, iştirakçı ölkələr arasında Ermənistan yox idi. Məlumata görə, ermənilər “Milan Expo”da iştirak etmək istəsələr də, Azərbaycan pavilyonunun yüksək səviyyədə və uğurla hazırlanması Ermənistanın sərgidən imtina etməsinə səbəb olub.

Qeyd etmək yerinə düşər ki, ümumdünya “Expo” sərgiləri 5 ildən bir keçirilir və bütün dünyadan gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur. Tədbirdə bizə məlumat verildi ki, sərgidə milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. Pavilyonda işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunub. Sərgisindəki “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlandırılan 4 mərtəbəli, 1800 m2 ərazidə təşkil olunan milli pavilyonumuz ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edir. Xüsusi konsepsiyada dizayn edilmiş milli pavilyonda mayın 1-dən 31-dək Azərbaycanın təbliği ilə bağlı müxtəlif təqdimatların edilməsi nəzərdə tutulur.

“Milan Expo-2015” sərgisinin Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan “Milan Expo-2015” beynəlxalq sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Sərgi ziyarətçilərinin milli pavilyonumuza marağını göstərən bu rəqəm “kiçik Azərbaycan”a olan marağı statistik hesablama ilə sübut edir: mayın 1-dən Azərbaycan pavilyonunda 1 ay ərzində 900 mindən çox ziyarətçi olub.

Milli pavilyonun konsepsiyası…

Pavilyonun əsas özəlliyini 3 biosfer təşkil edir. Birinci mərtəbə “Səslər simfoniyası” adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar təqdim olunur. 2-ci mərtəbədə - “Rənglər simfoniyası”nda iqlim, landşaft və bioloji müxtəliflik məlumatları çatdırılır. 3-cü mərtəbə “Dadlar simfoniyası” adlanır. Burada milli mətbəx və orqanik təbii qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir.

Digər ölkələrdən fərqli olaraq Azərbaycan pavilyonuna ziyarətçilər bir yox, bir neçə istiqamətdən daxil ola bilərlər. Onlar Azərbaycan xəritəsinin əks olunduğu eksponatla, Azərbaycana dünyanın dörd bir tərəfindən səfər etməyin mümkünlüyü barəsində məsafə və istiqamət göstərən tablolarla tanış olurdular. Pavilyonun 4-cü mərtəbəsində - terrasda restoran fəaliyyət göstərir. Burada milli mətbəx təqdim olunur ki, ziyarətçilər Azərbaycan milli yeməklərinin hazırlanma üsulu ilə interaktiv tanış ola bilirlər. Pavilyonda olduğumuz müddətdə Azərbaycan aşpazlarının hazırladıqları qutab, dürmək, şirniyyat, spirtsiz içkilər qonaqlara təqdim olunurdu.

Azərbaycan pavilyonunun çoxsaylı monitorlarında interkativ şəkildə nümayiş etdirilən videosüjetlər, slaydlarla yanaşı, tamaşaçılara milli mədəni sərvətlərimiz, mətbəximiz, musiqimiz barədə maraqlı məlumatlar da verilirdi. Dünyanın müxtəlif ölkələrindən gələn tamaşaçılara muğam triosunun və virtuoz pianoçumuzun canlı ifasının təqdim olunması xeyli maraqlı anlarla yadda qaldı.

Bundan əlavə, monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar, Azərbaycana dair 55 film, eləcə də müxtəlif video çarxlar nümayiş olunur.

“Milan Expo-2015” ərəfəsində Azərbaycanda çəkilişlər…

Biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində, milli təbii sərvətlərin bərpasının təmin edilməsində və mühafizəsində, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsində görülmüş işlər də ölkə pavilyonunun daxili tərtibatında öz xüsusi yerini tapıb. Bugünədək qeyd olunan istiqamətlər üzrə qısametrajlı videoçarxların çəkilməsi üçün müxtəlif ssenari hazırlanıb. Ssenarilər əsasən qida, kənd təsərrüfatı, ekoloji resurslar, təbii landşaftlar, sosial inkişaf, ixrac və beynəlmiləlləşdirilmə, infrastruktur, mədəniyyət, incəsənət, ətraf mühitin qorunması və GMO tərkibli məhsulların yayılmasının qarşısının alınması istiqamətlərində aparılan işləri əhatə edir. Bu videomateriallar Milandakı milli pavilyonumuzda təqdim olunur və sərgi ziyarətçilərinin Azərbaycan ilə vizual tanışlığına şərait yaradır.

Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, unikal landşaftın, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprel ayından 2015-ci ilin fevral ayınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər rayonlara səfərlər edilib.

Təşkilatçıların sözlərinə görə, pavilyonun hazırlanması prosesinə Azərbaycan və İtaliya komandasından birgə təxminən 300-ə yaxın şəxs cəlb olunub. Video istehsalında 60 dəqiqəlik stop motion animasiyalar, 90 günlük Azərbaycanda çəkiliş, 150 saatlıq time-laps çəkilişlər cəmlənib.

Sərgidən miras qalan pavilyon...

Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakı ilə birbaşa əlaqə yaradılıb. Milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Eynilə belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdirilib. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədədir. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görəcək, buradakı insanlarla əlaqə saxlaya biləcəklər. Paytaxt sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanır. “Mirroring Baku” adlı layihə bir növ böyük miqyasda Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın yığcam şəkildə insanlar arasında, yəni sərginin minlərlə iştirakçısı ilə Bakı arasında əlaqəsinə şərait yaradır.

Eyni zamanda milli pavilyonda 400 m2-lik IDEA - Biomüxtəliflik parkı, “Bakını kəşf elə” - fotolar və xəritə vasitəsilə Bakı ilə interaktiv tanışlıq, “Azərbaycan simaları” - müxtəlif sahələrdən olan azərbaycanlıların portretləri vasitəsilə Azərbaycanla tanışlıq bölmələri fəaliyyət göstərir ki, onların hər biri Azərbaycan haqqında hərtərəfli məlumat üçün əcnəbi ziyarətçilərə təqdim olunur.

Sonda pavilyon xərcləri ilə bağlı maraqlı məqama toxunmaq yerinə düşər: sərgidə 80-100 milyon avroya başa gələn pavilyonlar da var idi. Məsələn, Səudiyyə Ərəbistanının, İspaniyanın, Fransanın, Çinin milli pavilyonları aşağı-yuxarı bu qiymətlərə başa gəlib. Təəssübkeşlikdən uzaq, mübaliğəsiz deyim ki, 15 milyon avroya hazırlanan Azərbaycan pavilyonu bu fantastik qiymətli tikililərdən daha kreativ, zövqlü və koloritli idi. Bunu ziyarətçilərin münasibətindən, məmnunluğundan və marağına əsasən deyirəm.

Sərgi oktyabr ayında başa çatdıqdan sonra Azərbaycan pavilyonu sökülərək Bakının mərkəzi yerlərindən birində qurulacaq. Vaxtilə beynəlxalq sərgidən yadigar qalan və bu gün Fransanın simvoluna çevrilən Eyfel qülləsi kimi “Milan Expo”dan miras qalan Azərbaycan pavilyonunun da ölkəmizin simvoluna çevrilməsi arzusu ilə...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR