Sergey Lavrov: “Minsk razılaşmalarının Kiyev tərəfindən pozulması faktını Almaniya və Fransanın nəzərinə çatdırdıq”

Sergey Lavrov: “Minsk razılaşmalarının Kiyev tərəfindən pozulması faktını Almaniya və Fransanın nəzərinə çatdırdıq”
# 18 mart 2015 10:40 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Mən təəssüflə bu vəziyyəti şərh etməyə məcburam. Düşünürdüm ki, fevralın 12-də Minskdə müəyyən olunan addımlar birmənalı olaraq həyata keçiriləcək” - , deyə o, Moskvada qabonlu həmkarı ilə keçirdiyi brifinqdə bildirib.

S. Lavrov Minsk danışıqlarında iştirak edən Almaniya və Fransaya müraciət edərək Minsk razılaşmalarının Kiyev tərəfindən pozulduğunu onların nəzərinə çatdırdıqlarını söyləyib: “Mən siyasi prosesin bundan sonra necə davam edəcəyini bilmirəm. Dünən Almaniya və Fransadan olan həmkarlarıma – Frank-Valter Ştaynmayer və Loran Fabiusa xüsusi müraciət etdim və onların diqqətini Minsk paketinin siyasi hissəsinin ciddi şəkildə pozulması faktına cəlb etdim”.

Xatırladaq ki, martın 17-də Ukrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarətində olan və xüsusi yerli idarəetmə qaydasının tətbiq olunacağı rayon, şəhər və kəndlərinin siyahısını təsdiqləyib. Lakin bu ərazilərin xüsusi statusuna dair qanunun qüvvəyə minməsi həmin ərazilərdə Ukrayna qanunları əsasında seçkilərin keçirilməsinə qədər təxirə salınıb. Qanuna edilən düzəlişlərə əsasən həmin ərazilərdə yerli idarəetmə orqanlarına seçkilər yalnız bütün qanunsuz hərbi birləşmələrin, muzdluların və hərbi texnikanın Ukrayna ərazisindən çıxarılması, qanunsuz hərbi birləşmələr tərəfindən seçki prosesinə müdaxilə edilməməsi, yerli KİV-də seçkilərin bütün iştirakçılarına bərabər səviyyədə imkanların yaradılması, prosesin ATƏT tərəfindən müşahidə olunması şəraitində mümkündür.

Ali Rada eyni zamanda Donbassın separatçıların nəzarətində olan hissəsini işğal olunmuş ərazilər kimi tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR