Yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılması ilə bağlı proqramın icrasına başlanılıb

Yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılması ilə bağlı proqramın icrasına başlanılıb
# 10 noyabr 2015 12:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən, Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində “Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı” üzrə ilk təlim sessiyası başlayıb.

DQMK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, proqramın məqsədi yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılmasıdır.

Proqram ümumilikdə 11 təlim günü olmaqla, Azərbaycanda və Litvada keçirilməsi nəzərdə tutulan 4 təlim sessiyasından ibarətdir.

Strateji Liderlik Proqramı pilot layihə şəklində Litva Dövlət İdarəçilik İnstitutu (LIVADIS) tərəfindən hazırlanıb. Proqram çərçivəsində keçirilən təlimlər peşəkar beynəlxalq ekspertlər tərəfindən keçiriləcək. Proqramda mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərlərinin və şöbə müdirlərinin iştirakı nəzərdə tutulub.

Pilot Proqramda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Dəniz Administrasiyasının və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak edir.

Üç gün davam edəcək birinci təlim sessiyasında “Rəhbərlik və liderlik”, “Liderliyin mahiyyəti”, “Liderlik və rəhbərlik arasında balans”, “Liderin əsas rolu”, “Rəhbərin həyata keçirdiyi qeyri-formal funksiyalar”, “Strateji yanaşma uğurlu liderliyin təminatçısı kimi”, “Şəxsi dəyərlərin aktuallığı”, “Təşkilatçılıq mədəniyyətinin əsas elementləri”, “Pozitiv liderlik”, “İş yerində münaqişələrin idarəedilməsi” və s. mövzular ətrafında məruzə və təqdimatlar dinləniləcək.

Proqram çərçivəsində keçiriləcək növbəti təlim sessiyaları “Dəyişikliyin idarə edilməsi və vəkillik (motivasiya/inandırma) bacarıqları”, “Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq alətləri və təşkilatlarda bərabərliyin təmin edilməsi” və “İKT və sosial şəbəkələrdən xidmətlərin göstərilməsi, xidmət istifadəçiləri ilə kommunikasiya vasitəsi kimi istifadə və vətəndaşlarla ünsiyyət” mövzularını əhatə edəcək.

Birinci Strateji Liderlik Proqramının 2016-cı ilin fevral ayında başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR