Prezident İlham Əliyev: “Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir”

Prezident İlham Əliyev: “Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir”
# 10 aprel 2015 21:24 (UTC +04:00)

Bakı-APA. “Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Ölkə başçısı bildirib ki, dərman preparatlarının bazarı Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalıb.

Prezident bunun dözülməz hal olduğunu da qeyd edib: “Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır”.

Prezident bildirib ki, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir: “Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR