Azərbaycanlı hakim avrokubokların qrup mərhələsinə təyinat alacaq

Azərbaycanlı hakim avrokubokların qrup mərhələsinə təyinat alacaq
# 11 noyabr 2015 11:07 (UTC +04:00)

Bakı – APA. “Əliyar Ağayev avrokubokların qrup mərhələsində oyun idarə edəcək. Bu, bizim üçün şad xəbər oldu. Açığı, biz bunu gözləyirdik. Bilirdik ki, gec-tez belə şey olacaq. Çünki UEFA-nın Hakimlər Komitəsinin baş komissarı Pyerluici Kollina Ukraynada Əliyarı nümunə kimi göstərmişdi”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Azərbaycan futbolunda daha bir ilk baş verib. Bu dəfə ilkə hansısa klubumuz deyil, hakimimiz imza atıb. Belə ki, 128 yaşlı FİFA referisi Əliyar Ağayev Azərbaycan hakimliyi tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oyun idarə edəcək.

Bununla bağlı münasibət bildirən Məmmədov bildirib ki, Ağayevin Çempionlar Liqası və ya Avropa Liqasına təyinat alacağı, hansı oyun idarə edəcəyi hələlik bəlli deyil: UEFA-nın perspektivli saydığı, UEFA-nın bayrağı altında keçirilən oyunlarda yüksək qiymətlər alan gənc hakimlərə qrup görüşlərinə təyinat verilir. Əliyarın Çempionlar Liqasında, yoxsa Avropa Liqasında oyun idarə edəcəyi hələ dəqiqləşməyib. Amma dekabrın 8-10-da beynəlxalq görüşə təyinat alacağı 100 faizdi. Çempionlar Liqasında qrup mərhələsinin son görüşləri gələn ayın 8-9-da, Avropa Liqasının oyunları isə dekabrın 10-da keçiriləcək. Adətən UEFA hakimlərin hansı oyunlara təyinat aldığını 3-4 gün öncə açıqlayır. Viza ilə bağlı heç bir problem yoxdu. UEFA hakimlərin viza və bilet məsələsini özü həll edir. Əliyar da daxil olmaqla, 6 hakimimiz həmin oyunda ədaləti qoruyacaq”.

HK sədri Ağayevin avrokubokların qrup mərhələsinə təyinat almasını tarixi uğur adlandırıb: “Bu, bizim son illərdə apardığımız məqsədyönlü işlərin bəhrəsidi. Biz məhz buna çalışırdıq. Çox deyirdilər ki, Azərbaycanın heç bir hakimi son illər mötəbər oyunlara təyinat almır. Onlar üçün ən yaxşı cavab bu oldu. Ümid edirik ki, Əliyar həmin görüşü uğurlu keçirəcək və birinci kateqoriyaya keçmək şansı qazanacaq. Onu da deyim ki, UEFA ikinci kateqoriyadan olan hakimlərdən yalnız ən perspektivlilərə qrupda oyun idarə etmək şansı yaradır. Mən bunu müstəqil Azərbaycan hakimliyinin tarixində ən böyük uğur adlandırardım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR