Bakı 2015 Avropa Oyunları ilə “Nestlé Azərbaycan” şirkəti arasında rəsmi dəstək müqaviləsi imzalanıb

Bakı 2015 Avropa Oyunları ilə “Nestlé Azərbaycan” şirkəti arasında rəsmi dəstək müqaviləsi imzalanıb
# 24 mart 2015 16:21 (UTC +04:00)

Bakı - APA. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu il ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının şirniyyat təchizatının təmin edilməsi məqsədilə "Nestle" Azərbaycan şirkəti ilə müqavilə imzalayıb.

APA-nın xəbərinə görə, imzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan "Nestle" Avropa oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və müsli şokoladları ilə təmin edəcək.

Müqavilədə nəzərdə tutulan “Nestlé” məhsullarına KIT KAT, LION, NESTLÉFITNESS və NESCAFÉ daxildir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq deyib ki, “Nestlé” ticarət nişanı bütün dünyada tanınır və ilk Avropa Oyunlarının çox dəyərli təchizatçısı olacaq: “Nestle” şirkəti Avropa Oyunları ilə tərəfdaşlıq edən və idman təqviminə daxil edilən bu möhtəşəm hadisəyə dəstək göstərən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətləri sırasına daxil oldu”.

Qeyd edək ki, “Nestlé Azərbaycan” şirkəti “Azersun Holding”, “Bazarstore”, “McDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, NAZ, “Sitecore” və “Tickethour” şirkətlərindən sonra ilk Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmi dəstəkçi olub.

Qeyd edək ki, Bakı 2015 ilk Avropa Oyunları 12 iyun 2015 tarixindən 28 iyun 2015-ci il tarixlərində baş tutacaq, qitə üçün həyəcan verici və innovativ çoxşaxəli idman tədbiridir.

Bakı 2015-də cəmi 20 idman növü təmsil olunacaq: 16 Olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü. Avropanın 6 mindən çox idmançısı yarışların davam edəcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəklər.

On bir idman növü Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmağa imkan verəcək. Bu idman növlərinə Oxatma, Atletika, Boks, Velosiped yarışları, Atıcılıq, Masaüstü tennis, Üzgüçülük, Taekvando, Triatlon, Güləş və Voleybol daxildir.

Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə Oyunları təşkil edəcək və keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR