Nazir: “Elektron hökumətin qurulmasında müəyyən çətinliklər var”

Nazir: “Elektron hökumətin qurulmasında müəyyən çətinliklər var”
# 04 dekabr 2014 09:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda informasiya texnologiyaları sürətlə inkişaf etsə də, elektron hökumətin qurulmasında müəyyən çətinliklər var. Düzdür, Azərbaycan hər il beynəlxalq reytinq agentliklərinin siyahılarında irəliləyir, lakin bununla kifayətlənmək lazım deyil”.

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Elektron dövlət quruculuğu problemləri" I respublika elmi-praktiki konfransında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, bu ilin sonunadək ölkədə "Elektron Hökumət" portalının funksionallığının, elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artması ilə yanaşı, bu cür xidmətlərdən istifadə sayı 6 milyona çatacaq: “Elektron hökumət portalına 45 dövlət qurumu qoşulub və 386-dan çox elektron xidmət inteqrasiya edilib. Lakin bu sahənin elektronlaşdırılmasında problemlər hələ də qalır”.

Bununla yanaşı, Ə. Abbasov qeyd edib ki, elektron hökumət quruculuğu sahəsində “Hər evə optika” genişzolaqlı internet xidmətləri ilk növbədə əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinə əlçatan olmalıdır. Nazir bu layihənin reallaşdırılmasının eyni zamanda kiçik və orta sahibkarlığın da inkişafına təkan verəcəyini bildirib: “2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində 30 mb/s, qəsəbə və kənd yerlərində 10 mb/s və daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcək”.

Azərbaycanda elektron hökumət quruculuğunda, əldə olunan nailiyyətlər, habelə qarşıda duran vəzifələrdən danışan nazir qeyd edib ki, "smart hökumət" layihəsi bunlardan biridir.

"Yəni idarətetmə prinsipləri mərkəzi dövlətdən əhaliyə doğru yönəlir. Həmçinin yaxın zamanlarda “EGOV 3.0” layihəsi də istifadəyə veriləcək. Bu istiqamətdə elmi tədqiqatlara da böyük ehtiyac var”, - deyə nazir açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR