Bank Of Baku

Bakıda Frankofoniya həftələri yekunlaşıb

Bakıda Frankofoniya həftələri yekunlaşıb
# 14 aprel 2018 14:17 (UTC +04:00)

Bakıda Frankofoniya həftələrinin bağlanış mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, bağlanış mərasimində Frankofoniya həftələrində bir araya gələn ölkələrin  səfirlikləri öz mətbəx nümunələrini nümayiş etdiriblər.

 

Mərasimdə çıxış edən  Fransanın Azərbaycandakı səfiri, xanım Orelia Buşez deyib ki, fransız dəyərlərinə bu qədər bağlılıq görmək xoşdur: "Bu il Frankofoniya bir neçə həftə davam etdi və 30-dan çox tədbirin keçirilməsinə nail olduq. Azərbaycanın fransız dilini dəstəkləməsi bizim üçün qürurvericidir”.

 

Rumıniya səfiri Dan İanku Frankofoniya həftələrinin Azərbaycanda artıq bir ənənəyə çevrildiyini qeyd edib. Yunanıstan səfiri Nikolas D. Kanellos Frankofoniya bayramının həm Avropa, həm də Azərbaycan üçün yeni üfüqlər açacağını söyləyib.

 

Tədbirdə çıxış edən Moldova, Belçika, Litva, Mərakeş, İsveçrə, Meksika, Macarıstan, Avropa İttifaqının səfirləri də öz təşəkkür və təbriklərini  çatdırıblar.

 

Sonda Frankofoniya həftələri çərçivəsində həyata keçirilən şahmat müsabiqəsinin qalibi olan azərbaycanlı gənc mükafatlandırılıb.

 

Qeyd edək ki, Frankofoniya bayramında bu dəfə Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı səfirlikləri bir araya gəliblər. Bunlar Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləridir və onlar Frankofoniya həftələri ərzində Bakıda çoxsaylı mədəni tədbirlər təşkil ediblər.

 

Frankofoniya termini ilk dəfə 1880-ci ildə işlədilib. Fransız coğrafiyaşünası Onezim Reklu fransız dilində danışan bütün insanlardan bəhs edərkən bu termindən istifadə edib. Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərlərini bölüşən 84 ölkədən (58 üzv və 26 müşahidəçi) ibarətdir. Təşkilatın əsası 1970-ci ildə qoyulub. 1992-1996-cı illərdə BMT-nin baş katibi vəzifəsini tutmuş Butros Butros Qali təşkilatın ilk rəhbəri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR