Futzal üzrə milli komandaların may reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 165 yığması yer alıb.
Bu komandalardan 115-i əsas cədvəldə, 50-si isə sıralamadan kənarda qərarlaşıb. Buna səbəb sonuncuların zəruri olan matç sayını keçirməməsidi.
Son bir ayda milli komandalar səviyyəsində oyunların az olması siyahıda ciddi dəyişikliklərin olmaması ilə nəticələnib. Cüzi dəyişikliklər ilk “20-lik”dən də yan keçməyib. Burada yalnız bir yerdəyişmə qeydə alınıb.
Dünyanın ən yaxşıları arasında yer alan Azərbaycan millisinin mövqeyi və xalı dəyişməz qalıb. Braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri 1440 xalla 10-cu sırada qərarlaşıb. 9-cu olan Ukraynadan 42 xal geri qalan millimiz 11-ci sıradakı Paraqvaydan 37 xal öndədi. Yığmamız Avropa təmsilçiləri arasında 7-cidi.
“Top-20”də yalnız Yaponiya geriləyib. 9 xal itirən “Gündoğar ölkə” təmsilçisi 14-cü yeri əldən verib. Serbiya 4 xal geri düşsə də, asiyalıları arxada qoymağı bacarıb. Yeri gəlmişkən, güclülərdən daha ikisinin xal hesabı dəyişib. Portuqaliya 4 xal itiribsə, Fransa 9 xal qazanc əldə edib.
Qeyd edək ki, cədvələ 1935 xala malik Braziliya başçılıq edir.
İlk “20-lik”
1. Braziliya - 1935
2. İspaniya – 1807
3. Rusiya - 1700
4. Portuqaliya - 1696
5. Argentina - 1691
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1532
9. Ukrayna - 1482
10. Azərbaycan – 1440
11. Paraqvay – 1403
12. Xorvatiya – 1394
13. Sloveniya – 1384
14. Serbiya – 1362
15. Yaponiya – 1358
16-17. Kolumbiya – 1324
Çexiya – 1324
18. Tailand – 1285
19. Fransa – 1283
20. Panama - 1262