Udmurtiya rəhbərinə BAMF-ın ali mükafatı təqdim olunub

Udmurtiya rəhbərinə BAMF-ın ali mükafatı təqdim olunub
# 24 mart 2015 14:50 (UTC +04:00)

Bakı - APA. Azərbaycandan olan nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdə olub.

APA-nın xəbərinə görə, Novruz bayramı günlərinə təsadüf edən səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Udmurtiyadakı “Dostluq” - Azərbaycan İctimai Mərkəzi və Udmurtiyanın Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Sahib Alıyev, BAMF sədri, Mətbuat Şurasının sədr müavini, Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Mirzəyev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi Elman Nəsirli, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, əməkdar mədəniyyət xadimi Vaqif Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev, Azərbaycanın tanınmış hüquqşünası, Beynəlxalq Mühəndislər Akademiyasının doktoru Şirxan Adıgözəlov, iş adamı Rafiq Qarayev daxil olub.

Azərbaycan nümayəndə heyəti ilk olaraq Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyovla görüşüb. Görüşdə Aleksandr Solovyov bildirib ki, Azərbaycan və Rusiyanın münasibətlərinin bugünkü dinamik inkişafı bütün sahələrdə yaxşı nəticələrin əldə olunmasına şərait yaradır. Udmurtiyadakı Azərbaycan diasporunun ölkənin ictimai həyatında rolunu yüksək qiymətləndirən A.Solovyov diasporun iqtisadi imkanlarının artmasında maraqlı olduğunu bildirib və Azərbaycanın biznes təmsilçilərini də Udmurtiyaya investisiya qoymağa dəvət edib.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev deyib ki, Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkələr arasında yeni əməkdaşlıq mühiti yaranıb. Məhz Heydər Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin uzaqgörən təşəbbüsləri ilə hər iki ölkə Qafqaz regionunda, Xəzər regionunda, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstərməyə başlayıblar: “Bu əməkdaşlığın əsası ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də siyasi sahədə münasibətlərimiz inkişaf edir, hər iki ölkə beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edir, qarşılıqlı dəstək siyasətinə sadiqlik göstərirlər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu böyükdür. Bu baxımdan Rusiyanın münaqişənin həll prosesinə dəstəyi bütünlükdə regionun siyasi iqtisadi, təhlükəsizlik sahəsində problemlərinin həllinə təkan vermiş olar”.

Millət vəkili Sahib Alıyev isə bildirib ki, hər iki xalq ümumi tarixə malikdir: “Bu coğrafiyada uzun illərdir qonşu olan ruslar və azərbaycanlılar həmişə sülh şəraitində, əməkdaşlıq edərək sabitlik və əmin-amanlıq şəraitində yaşamağa can atıblar. Hazırda Azərbaycan müstəqil bir dövlət kimi inkişaf edir. Ölkələr arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir, ticarət dövriyyəsi artır. Təkcə Rusiyaya Azərbaycan 1 milyard dollardan artıq investisiya qoyub. Bu isə iki ölkə arasında mövcud etimad və etibarın bariz nümunəsidir”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi Elman Nəsirli də diqqəti əsasən iqtisadi əlaqələrin səviyyəsinə yönəldib və Azərbaycanın məhsul ixrac etdiyi ölkələr sırasında Rusiyanın ilk sırada durduğunu vurğulayıb. Azərbaycan iqtisadiyyatının günü-gündən böyüdüyünü, ÜDM-ın son 11 ildə 3-4 dəfə artdığını xatırladan E.Nəsirli bu tipli qarşılıqlı səfərlərin baş tutması ilə daha çox ortaq məxrəclərin tapılacağına əmin olduğunu bildirib.

Yüksək səviyyəli qəbula görə Udmurtiya Respublikasının rəhbərinə minnətdarlığını bildirən BAMF sədri Umud Mirzəyev deyib ki, Udmurtiya onun üçün doğma diyardır. Burada onun rəhbərlik etdiyi fondun 1993-cü ildə ilk xarici nümayəndəliyi açılıb. BAMF-ın MDB məkanında BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvlüyünü qazanan az sayda təşkilatdan biri olduğunu bildirən Umud Mirzəyev dünya üzrə bu statusa cəmi 148 təşkilatın yiyələndiyini xatırladıb.

Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən Udmurtiya Respublikasının rəhbərinə BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF-ın ali mükafatı, dəyərli hədiyyələr təqdim olunub. Bununla yanaşı, A.Solovyova Novruzun atributları olan Səməni və şirniyyatlar da təqdim edilib.

Nümayəndə heyəti ilə görüşdən çox məmnun qaldığını bildirən Udmurtiya Respublikasının rəhbəri tezliklə Azərbaycana səfər etməyi arzuladığını söyləyib. O, vətəndaş cəmiyyəti təmsilçilərinin belə bir səfərin baş tutmasında aktiv iştirak etməsini alqışlayıb, səfərdən sonra birgə əməkdaşlığın sahələrini müəyyənləşdirmək və aktiv şəkildə bu prosesə dəstək olmaq üçün Udmurtiyanın bir sıra rəsmi qurumlarına tapşırıqlar verib.

Azərbaycan nümayəndə heyətinin növbəti görüşü isə Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyində olub. Nazir Larisa Buranova nümayəndə heyətinə məlumat verib ki, Udmurtiya ərazisində yaşayan digər xalqlar kimi, azərbaycanlıların da milli özünəməxsusluğunu, adət-ənənələrini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamaq, hüquq və azadlıqlarının, sosial təminatının müdafiəsi nazirliyin başlıca vəzifələrindəndir. Sonra nümayəndə heyətinin iştirakı ilə birgə əməkdaşlığın inkişafının perspektivləri ilə bağlı müzakirələr aparılıb. L.Buranova BAMF sədri Umud Mirzəyevə bu xoşməramlı səfərin təşkilində oynadığı rola görə xüsusi minnətdarlıq diplomu təqdim edib. Eyni zamanda BAMF-ın adından xanım nazirə və məşhur udmurtiyalı alim Oleq Botkinə fəxri diplomlar təqdim edilib.

Nümayəndə heyəti martın 20-21 baş tutan səfər çərçivəsində Udmurtiyanın Milli Muzeyi, Kalaşnikov adına Muzey-sərgi mərkəzi, Müqəddəs Mixaylov kilsəsini və Udmurtiyanın bir sıra başqa tarixi məkanları ilə yaxından tanış olub. Bununla yanaşı, Udmurtiyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib, birgə reallaşdırılacaq layihələr müzakirə olunub. Qafar Əliyev diaspor nümayəndələrini Rusiya Federasiyasının vətəndaşı kimi Azərbaycanı layiqli təmsil etməyə, iki ölkənin münasibətlərinin inkişaf etdirilməsində aktiv rol oynamağa çağırıb.

Səfərin sonunda Novruz bayramı münasibətilə Udmurtiyanın mədəniyyət sarayında xanəndə Qoçaq Əsgərovun başçılıq etdiyi musiqi truppasının iştirakı ilə böyük qala konsert keçirilib. Konsertə Udmurtiyanın ictimai xadimləri, hökumət təmsilçiləri ilə yanaşı, Azərbaycanda da kifayət qədər tanınan, Bakıda keçirilən “Eurovision” yarışmasında Rusiyanı təmsil edən «Buryanovskie babuşki» qrupunun üzvləri də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR