Qəbələdə tanınmış meksikalı rəssamın sərgisi təşkil edilib

Qəbələdə tanınmış meksikalı rəssamın sərgisi təşkil edilib
# 16 iyun 2016 15:39 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Qəbələ şəhərində meksikalı rəssam Marqarita Moralesin fərdi yaradıcılıq sərgisi təşkil edilib. APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ Mədəniyyət Mərkəzində açılan sərgidə rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini çıxış edib. Bildirilib ki, rəsm sərgisi Qəbələ sakinlərinin və rayona gələn turistlərin böyük marağına səbəb olub. O, bu cür əlamətdar tədbirlərin sənətsevərlər üçün dünya mədəniyyəti, incəsənəti və insanları ilə daha yaxından tanış olmaq, dünya xalqlarının milli koloritini dərindən duymaq imkanı yaratdığını bildirib.

Səfir Rodriqo Labardini bildirib ki, tanınmış rəssam Margarita Moralesin yaradıcılığı olduqca müxtəlif yönlüdür. Rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslublarının təsiri də duyulmaqdadır. Margarita Moralesin əsərləri Meksika, Berlin, Madrid, Nyu-York və dünyanın bir çox muzey və qalereyalarında, həmçinin paytaxt Bakı ilə yanaşı respublikanın bir neçə şəhərlərində də nümayiş olunub. Səfir Meksika mədəniyyətinin məhz qədim tarixi, zəngin mədəniyyəti olan Qəbələ rayonunda nümayiş olunmasının iki ölkə arasında olan əlaqələrin daha sıx inkişaf etməsinin əyni təzahürü olduğunu vurğulayıb.

Daha sonra rəssam Margarita Morales Azərbaycanın qədim tarixi, böyük mədəniyyət və turizm məkanı kimi tanınan bölgəsində əsərlərinin sərgilənməsindən məmnun olduğunu ifadə edib. Sonda sərgi iştirakçıları Margarita Moralesin əlvan rəng çalarları və heyranedici enerji ilə zəngin abstrakt mövzuda ərsəyə gətirdiyi əl işləri ilə yaxından tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR