Azərbaycanda narkoman yeniyetmə və gənclərin sayı açıqlanıb

Azərbaycanda narkoman yeniyetmə və gənclərin sayı açıqlanıb
# 10 mart 2015 14:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda narkoman yeniyetmə və gənclərlə bağlı statistika açıqlanıb.

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası üçün hazırladığı hesabat xarakterli məqalədədə qeyd edilib ki, yeniyetmələrin narkomaniya xəstəliyinə düçar olması hazırkı dövrün ən aktual məsələsidir, narkotiklərdən ilk istifadənin əksər halları məhz bu yaş dövründə baş verir (narkomaniya xəstəliyinin 70% yaxın halları). İkincisi, narkotik vasitələrin təsiri (uzun müddətə narkotiklərlə zəhərlənmə) inkişafda olan orqanizmə məhvedici təsir göstərir.

Rəsmi statistikaya əsasən 2013-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında 1324 nəfər (onlardan 20 nəfəri qadın olub), 25-29 yaş arasında olan şəxslər 3 850 nəfər, onlardan 43 nəfəri isə qadın təşkil edib. 2014-cü ildə isə narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3 min 999 nəfər təşkil edib. 2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru qeyd edib ki, bu gün bir çox valideynlər belə hesab edirlər ki, övladlarının xoşbəxt olması üçün onları maddi cəhətdən təmin etmək, eləcə də onun həyatından istisnasız olaraq bütün çətinlikləri çıxarmaq lazımdır: "Lakin uşağı ilk növbədə tərbiyə etmək, ona diqqət ayırmaq, onun şəxsiyyətinə səmimi maraq göstərmək, onun həyatında iştirak etmək lazımdır. Yeniyetmələrin nümayişkaranə şəkildə müstəqilliyə can atmaları, böyüklərin himayəsindən qurtulmaq istiqamətində daimi istəklər tez-tez böyüklərlə münasibətdə ciddi fikir ayrılıqlarının yaranmasına gətirib çıxarır, etiraz reaksiyasına səbəb olur. Yeniyetmələrə xas olan bəzi ümumi psixoloji xasiyyət cizgiləri də böyük əhəmiyyət kəsb edir. Bura həzz almağa cəhd, etiraz reaksiyasının asanlıqla yaranması, dəstə şəklində fəaliyyət göstərməyə meyllik, əhvaldakı bəzi qeyri-stabillik daxildir. Narkomaniyanın erkən profilaktikasında uşağın mikrososial mühitinin sağlamlaşdırılması üzrə valideynlərlə aparılan iş həlledici əhəmiyyətə malik olur".

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, narkotiklərdən asılılıqla təkcə “küçə uşaqları” deyil, həm də ilk baxışdan ideal, müvəffəqiyyətli valideynlərin uşaqları da rastlaşırlar: "Tez-tez məhz xaricdən müvəffəqiyyətli görünən ailələrdə uşaq özünü tənha, diqqətdən kənarda qalmış və ya əksinə - diqqətdən ərköyünləşmiş hiss edir. Nəticə olaraq da o, xilas və sevinci narkotiklərdə axtarır, dərk etmir ki, müvəqqəti həzzin əvəzini təkcə pulla deyil, həm də müstəqilliyinin itirilməsi və hətta həyatı bahasına ödəyir".

T.Məmmədhəsənov qeyd edib ki, tez-tez normal ailələr leqal narkotiklərdən - alkoqol, nikotin istifadə etməklə narkotikləşməyə öz töhfələrini verirlər: "Belə olan hallarda uşağın masasının üzərində olan alkoqollu içkilər möhkəm şəkildə evdəki bayram, şadyanalıq atmosferi ilə əlaqələndirilir. Onlarla tanışlıq cəlbedici olur, çünki ataya, onun dostlarına - belə güclü, kişi olan böyüklərə oxşamağa kömək edir. Alkoqolun ilk dəfə sınaqdan çıxarılması belə baş verir. Sosioloji rəy sorğularının nəticələrinə əsasən müvəffəqiyyətli ailələrdən olan yetkinlik yaşına çatmayan narkomanların 82%-i öz narkogen “karyeralarına” böyüklərin məclislərini dəstəkləməklə ev şənliklərindən başlayıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR