Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu başlayıb

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu başlayıb
# 18 iyul 2016 10:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, müsabiqədə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 300 və daha yüksək bal toplamış abituriyentlər iştirak edə bilərlər. Qəbul imtahanlarında 300-dən yuxarı bal toplamış 16 nəfər namizəd Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinələrə və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunur. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi İşbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 8 nəfər namizəd Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 il təkmilləşmə kursuna cəlb olunacaq. Kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunur.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcək. Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan edildiyi gündən sonra bir həftə müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR