Azərbaycanın iqtisadiyyat və sənaye naziri Serbiya baş naziri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Serbiya baş naziri ilə görüşüb
# 14 aprel 2015 16:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Serbiyanın baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-Economics”in məlumatına görə, görüşdə Ş. Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkələr arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün sənaye, xüsusilə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, infrastruktur, turizm və s. sahələrdə geniş imkanlar var.

Nazir deyib ki, hazırda Azərbaycan şirkətləri müxtəlif xarici ölkələrdə uğurla fəaliyyət göstərir. O qeyd edib ki, sənaye, İKT, kənd təsərrüfatı, turizm Azərbaycan iqtisadiyyatının prioritet sahələridir.

A. Vuçiç isə ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Serbiya iqtisadiyyatı barədə məlumat verən A. Vuçiç ölkəsində yol tikintisi sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətinin uğurlu fəaliyyətini qeyd edib, Azərbaycan iş adamlarını iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, kənd təsərrüfatı və s. sahələr üzrə layihələrdə fəal iştiraka dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR