DGK: Xəzər dənizində ölkəmizin iqtisadi təhlükəsizliyi qorunur

DGK: Xəzər dənizində ölkəmizin iqtisadi təhlükəsizliyi qorunur
# 14 iyul 2016 12:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Gömrük orqanları hava, quru sərhədləri ilə yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda da ölkəmizin iqtisadi mənafelərinin qorunması, hüquqpozma hallarının qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Potensial risklərin, təhlükələrin aşkar edilməsi və qarşısının alınması məqsədilə Xəzərin Azərbaycan sektorunda təşkil edilən keşikçəkmə fəaliyyəti gömrük qanunvericiliyinə və dəniz hüququna uyğun olaraq Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi tərəfindən həyata keçirilir.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə idarənin sərəncamında olan qayıqlar ən müasir avadanlıqlarla-gecə görmə müşahidə kameraları (cihazları), elektron xəritə və digər zəruri ləvazimatlarla təmin olunub. Gömrük idarəsinin marşrut tapşırıq sənədinə uyğun olaraq gömrük əməkdaşları Xəzər dənizinin Azərbaycan sektorunun 3 istiqamətində - şimal, mərkəz və cənub istiqamətlərində keşikçəkmə-patrulluq fəaliyyətini həyata keçirir, müşahidələr aparır. Gömrük məqsədləri baxımından baş verən hallar və məlumatlar təhlil olunaraq gömrük nəzarəti tədbirləri müəyyən edilir. Hər bir keşikçəkmənin nəticəsi üzrə hesabatlar hazırlanaraq növbəti keşikçəkmə müddətində şəraitə uyğun olaraq istifadə olunur. Hesabatlar hüquqpozma hallarının, risklərin müəyyən edilməsi və qarşısının alınması üçün mühüm məlumat mənbəyidir.

Dənizdə fəaliyyət göstərən gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına da xüsusi diqqət yetirilir. Hazırda Xəzər dənizində gömrük işinin təşkilində bilavasitə iştirak edən gömrükçülər xüsusi təlimlər keçib və müvafiq sertifikatlara yiyələniblər.

Hava və quru sərhədlərində olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda da ölkəmizin iqtisadi təhlükəsizliyinin, gömrük sahəsində hüquqpozma hallarının qarşısının alınması üçün bütün zəruri tədbirlər həyata keçirilir və bu istiqamətdə görülən işlər davamlı olaraq inkişaf etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR