Hüquq müdafiəçisi: “Sabunçu Rayon Polis İdarəsi qarşısında baş verənlərlə bağlı cinayət işi açılmayıb”

Hüquq müdafiəçisi: “Sabunçu Rayon Polis İdarəsi qarşısında baş verənlərlə bağlı cinayət işi açılmayıb”
# 06 noyabr 2015 09:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, müvəqqəti saxlanma yerində saxlanma şəraiti ilə maraqlanıblar: “İstilik sistemi işlək vəziyyətdədir. Hazırda orada 15 nəfər saxlanılır. Əsas maddələri dələduzluq, narkotik vasitə saxlama, bıçaqlanmadır. Saxlanılan şəxslərin şikayətləri olmadı. Bilirsiniz ki, noyabrın 5-də idarənin qarşısında qarşıdurma baş verib. Belə ki, 1985-ci il təvəllüdlü dindar Elçin Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin gün saat 22:30 radələrində 50-yə yaxın dindar polis idarəsinin qarşısına yığışaraq Elçin Qasımovun buraxılmasını tələb edib. Bu zaman qarşıdurma baş verib. Nəticədə 2 polis əməkdaşı xəsarət alıb. Hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb. Həmin şəxslər bu gün məhkəməyə aparılacaqlar. Saxlanılan şəxslərin heç birinə cinayət işi açılmayıb. Məhkəmə onların inzibati qaydada həbs olunmaları, cərimələnmələri və yaxud azadlığa buraxılmaları barədə qərar verə bilər. Saxlanma şəraiti ilə bağlı hər hansı şikayət edən olmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR