İş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd barəsində hökmdən verilən protest təmin edilib

İş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd barəsində hökmdən verilən protest təmin edilib
# 11 iyun 2016 11:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun şikayəti əsasında yenidən məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, onun şikayəti üzrə məhkəmə prosesində tərəflər dinlənilib. Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan N. Orucov apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi N. Orucov barəsində olan hökm ləğv edib, yeni hökm çıxarıb. Hökmə əsasən, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178. 3. 2-ci (külli miqdarda dələduzluq törətmə) maddəsi üzrə bəraət verilib.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə isə təqsirli bilinərək barəsində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin yeni hökmlə razılaşmayan prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə onun protestini təmin edib, iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR