Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alveri qurbanlarının müəyyən edilməsi məqsədi ilə monitorinqlər keçiriləcək

Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alveri qurbanlarının müəyyən edilməsi məqsədi ilə monitorinqlər keçiriləcək
# 25 iyul 2014 09:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd olunub ki, insan alverinin qarşısının alınması qanunvericilik çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.

İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən “qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcək, xidmətdə çalışan operatorlara mütəmadi təlim keçirilməsi, bu xətlərin təhlükəsizliyinin və ondan istifadə edən şəxslərin konfidensiallığının, həmçinin xidmətin təşkilati-texniki imkanlarının artırılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görüləcək. İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin hazırlanması, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi və əldə edilmiş nəticələrdən mübarizə tədbirlərinin səmərəsini artırmaq üçün istifadə edilməsi nəzərdə tutulur. Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər gücləndiriləcək.

Bundan başqa, qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin, yoxlama tədbirlərinin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması istiqamətində işlərin görülməsi, əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi, habelə ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməklə, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR