FED dolları bahalaşdıracaqmı? - SORĞU

FED dolları bahalaşdıracaqmı? - <span style="color: red;">SORĞU
# 14 iyun 2016 07:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iki günlük iclası başlayır. İclasda FED rəhbərliyi uçot dərəcəsinin artırılıb-artırılmayacağına qərar verməlidir.


"APA-Economics" iqtisadçı-ekspertlər arasında sorğu keçirərək onların məsələ ilə bağlı fikirlərini öyrənib.

Ekspert Samir Əliyev uçot dərəcəsinin artırılmasını iyul ayı üçün real hesab edir: "Uçot dərəcəsinin dəyişməsi ilə bağlı hətta FED daxilində də birmənalı fikir yoxdur. Son qərarı, əlbəttə, FED rəhbərliyi verəcək, biz sadəcə təxmin edə bilərik. Əsas proqnozlar onu göstərir ki, böyük ehtimalla, iyun ayında uçot dərəcəsi dəyişməz qalacaq və artırılma qərarı iyul ayına qədər uzadıla bilər. Hər bir halda əsl cavabı iyunun 15-ci gecəsi biləcəyik. FED uçot dərəcəsini qaldırsa, dollar əsas valyutalara münasibətdə bahalaşacaq. Bu, əmtəə bazarlarına da təsir edəcək. Neftin və qızılın ucuzlaşması baş verəcək. Əgər uçot dərəcələrində dəyişiklik olmasa, dolların müəyyən dövrdə ucuzlaşması baş verə bilər".

Digər ekspert Vüqar Bayramlı hesab edir ki, Amerika iqtisadiyyatında ciddi dəyişiklik baş verməzsə, 2016-cı ildə FED uçot dərəcəsini artırmağı hədəfləyir. Lakin bunun konkret nə zaman baş verəcəyini demək mümkün deyil. Ekspertin sözlərinə görə, hal-hazırda uçot dərəcəsinin artırılması, xüsusilə də kəskin artım Amerika iqtisadiyyatı üçün arzuolunan deyil: "Bundan başqa, FED-in daxilində belə uçot dərəcəsinin artırılmasına qarşı olanlar var. Bu da onunla bağlıdır ki, ABŞ-da məşğulluqla bağlı rəqəmlərin açıqlanmasından sonra FED uçot dərəcəsinin artırılmasından ehtiyatlanır. Eyni zamanda, nəzərə alsaq ki, 2016-cı ildə FED-in uçot dərəcəsinin artırılması ilə bağlı yol xəritəsi var idi. Cari ilin birinci yarısı da yekunlaşmaq üzrədir. Bunlara əsasən demək olar ki, FED uçot dərəcəsini ilin sonuna qədər mərhələli şəkildə artıracaq".

Uçot dərəcəsinin artırılmasının dünya iqtisadiyyatına təsirinə gəlincə, V. Bayramov bildirib ki, uçot dərəcəsi artırılarsa, təbii olaraq dünya bazarında dollar möhkəmlənəcək. Xüsusilə də bu proses neft ölkələrinin milli valyutasına təzyiqi artıracaq. "Bütün bunlara baxmayaraq uçot dərəcəsinin artırılmasından sonra dolların dünya bazarında digər valyutalara qarşı möhkəmlənəcəyi gözlənilmir. Əgər Böyük Britaniya Avropa Birliyində qalarsa, uçot dərəcəsi artırılsa belə dolların məzənnəsinin avroya nisbətdə kəskin möhkəmlənəcəyi gözlənilmir. Əgər uçot dərəcəsi artırılmazsa, mövcud məzənnə davam edəcək. Bu halda dolların digər valyutalara nisbətən məzənnəsində kəskin fərqlər olmayacaq, belə olan halda dolların da kəskin ucuzlaşacağı gözlənilmir. Dolların məzənnəsinin mövcud dəhliz daxilində dəyişəcəyi gözlənilir. Ümumiyyətlə, uçot dərəcəsinin artırılmamasında daha çox neft ölkələri maraqlıdır. Çünki uçot dərəcəsinin artırılması bu ölkələrin milli valyutalarına təzyiqi artırdığından növbəti artım psixoloji təzyiq formalaşdıra bilər. Bunun nəticəsində isə bir sıra ölkələr yenidən milli valyutalarını dəyərsizləşdirə bilərlər", - deyə V. Bayramov əlavə edib.

Ekspert Nicat Hacızadənin sözlərinə görə, FED-in sabah start götürəcək iclası ilə bağlı gözləntilər müxtəlifdir. "Xüsusi ilə əksəriyyət FED-in uçot dərəcəsini artırmayacağını proqnozlaşdırır. Uçot dərəcəsinin iyun ayın üçün sabit qalacağı gözlənilir. Səbəb isə müxtəlifdir. İlk növbədə, Amerikada işsizliyin bir qədər artması uçot dərəcəsinin qalxmasının qarşısını alan əsas faktorlardandır. Çünki işsiz əhali Amerikada yoxsul əhali hesab olunmasa da maddi vəziyyəti kafi qiymətləndirilən təbəqə sayılır. Uçot dərəcəsinin artımı baş verərsə, bu, Birləşmiş Ştatlarda xidmət və digər sektorlar üzrə qiymət artımını sürətləndirə bilər. Bundan əlavə, FED Amerikada ev problemi yaşayan əhalinin ipotekaya əl çatanlığını stabil saxlamaq istəyirsə, uçot dərəcəsinə hər hansı dəyişiklik etməməlidir. Çünki Amerikada kommersiya bankları dövlət xətti ilə deyil, istiqrazlar vasitəsilə ipoteka verir. Uçot dərəcəsinin artımı isə investorların istiqraz faizlərinin artmasına gətirib çıxarda bilər. Digər səbəb budur ki, uçot dərəcəsinin artımı ixrac qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Bu isə cari dövr üzrə Amerika iqtisadiyyatı üçün əlverişli deyil. Dördüncü faktor kimi Amerikanın xarici borcunun 1 trilyon dolları keçdiyini nəzərə alsaq, dolların bir qədər də möhkəmlənməsi xarici borcların idarə edilməsi cəhətdən əlverişli sayılmayacaq, baxmayaraq ki, dollar üzrə çap maşını elə Amerikanın özünə məxsusdur", - deyə ekspert bildirib.

"APA-Economics" proqnoz verir ki, FED, böyük ehtimalla, uçot dərəcəsini dəyişməz saxlayacaq. Buna bir neçə səbəb var. Birinci, ABŞ-da iqtisadi artım proqnozlardan aşağıdır. İşsizliklə bağlı açıqlanan statistikada qeyd edilib ki, mayda ABŞ iqtisadiyyatında (aqrar sektoru nəzərə almasaq) 38 min yeni iş yeri açılıb. Halbuki, proqnozlar 164 min yeni iş yerinin açılması üzərində qurulmuşdu. Bu, 5,5 illik antirekorddur. Sözügedən statistika açıqlanandan sonra uçot dərəcəsinin artırılması ehtimalı az qala heçə enib.

Bundan başqa, iclasdan 1 həftə sonra Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendum (bu proses "Brexit" kimi qələmə verilir) keçiriləcək. Son sorğular göstərir ki, "Brexit" tərəfdarlarının sayı artmaqdadır. Böyük Britaniyanın Aİ-dən çıxması birjaları çalxalayacaq. Britaniya Avropa İttifaqından qopsa, bu, qlobal iqtisadiyyat üçün kollapsla nəticələnə bilər. Belə olan halda, FED-in riskə gedərək dolları bahalaşdıracağı inandırıcı deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR