“Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə böyük siyasi gücə çevrilib, dünya miqyasında böyük gücdür və nəinki bölgədə gedən proseslərə, eyni zamanda dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir”.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.
Dövlət başçısı bildirib ki, Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və Azərbaycanı çox sevindirir və gücləndirir: “Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla, inamla irəliləyir. Biz birlikdə biz daha da güclüyük və böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi mühüm bir amildir, mühüm bir faktordur. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik faktordur. Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Zəfər Günündə Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Bu birlik əbədi olacaq. Buna Türkiyə və Azərbaycan cəmiyyətində şübhə yoxdur”.