Elman Fəttah: “Ellada Məmmədlinin adı Müsavat Partiyasının deputatlığa ilkin namizədlər siyahısında yoxdur” - YENİLƏNİB

Elman Fəttah: “Ellada Məmmədlinin adı Müsavat Partiyasının deputatlığa ilkin namizədlər siyahısında yoxdur” - <span style="color: red;">YENİLƏNİB
# 31 mart 2015 14:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyasının deputatlığa ilkin namizədlərinin siyahısında partiyanın Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədlinin adı yoxdur. Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah deyib.

Qeyd edək ki, iki gün əvvəl E. Məmmədli APA-ya açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin Şura iclasında 35 saylı Xətai Seçki Dairəsindən onun namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edildiyini və namizədliyinin təsdiqlənməsi üçün partiya rəhbərliyinə müraciət olunduğunu açıqlayıb.

E. Fəttah isə bildirib ki, Müsavat Partiyasının seçki qərargahına E. Məmmədlinin müraciəti daxil olmayıb: “Seçki qərargahı tərəfindən deputatlığa namizədliklə bağlı ilkin müraciətin qeydə alınması şəxsin öz müraciəti əsasında olur. Bu müraciətin yanında partiyanın rayon təşkilatının, strukturunun rəyi ola da, olmaya da bilər. Nəzərə çatdırım ki, seçki qərargahı deputatlığa ilkin namizədlərin siyahısını hazırlayır, hansı dairədən kimlərin namizəd olmaq istədiyi müəyyənləşir. Biz avqustda bu siyahını Məclisə təqdim edəcəyik və Məclis də müzakirə apararaq partiyanın deputatlığa namizədləri ilə bağlı rəsmi qərar qəbul edəcək. Yəni konkret dairələr üzrə konkret namizədlər rəsmən təsdiqlənəcək”.

E. Məmmədli APA-ya açıqlamasında deyib ki, heç vaxt deputatlığa namizədliyini irəli sürmək barədə düşünməyib, sadəcə, Qadınlar Birliyi Şurasının son iclasında qadınların təkidi ilə namizədliyinin irəli sürülməsinə razılıq verib: “Ancaq baxıram ki, indi müxtəlif fikirlər söyləyənlər var. Məsələn, anlamadım ki, Mustafa Hacıbəyli qardaşının, özünün, yaxud kimin adından danışır. Mustafa Hacıbəyliyə kim səlahiyyət verib ki, rayon təşkilatlarının adından danışsın? Məclis üzvüdür, rəhbərlik adından söylədikləri əndazəyə sığmır. Mustafa Hacıbəyli də deyib ki, deputatlığa namizədliyini irəli sürmək istəyən şəxs fərd olaraq namizədliyi ilə bağlı partiya rəhbərliyinə müraciət etməlidir. Nizamnamədə elə şey yoxdur. Deputatlığa namizədlik rayon təşkilatı tərəfindən də irəli sürülə bilər, namizədlik fərdi qaydada da verilə bilər. Elman Fəttaha gəlincə, o da partiyaya təzə gəldiyi üçün deyəsən, məsələlərdən halı deyil. Qadınlar Birliyinin seçkilər üzrə sədr müavini dünən partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlıya Qadınlar Birliyinin Şurasının iclasının protokolundan çıxarışı təqdim edib, o da protokolu rəsmi şəkildə qəbul edib. Namizədliyimi mən yox, Qadınlar Birliyinin Şurası irəli sürüb, mən niyə namizədliyimlə bağlı fərdi müraciət etməliyəm? Lazım olsa, Qadınlar Birliyinə ərizə yazaram. Ancaq niyə mən şəxsən Gülağa Aslanlıya müraciət etməliyəm? Mən fərd olaraq namizədliklə bağlı müraciət etməyəcəyəm. İnsanı alçaltmaq üçün qərəzin hansı bucağından baxırlar?! Bununla, Müsavat kimi partiyanın adına çox böyük ləkə gətirirlər, Müsavat buna layiq deyil”.

Xatırladaq ki, Müsavat Partiyası Məclisinin üzvü, ADR sədrinin birinci müavini Vurğun Əyyubun namizədliyi partiyanın Suraxanı rayon təşkilatı tərəfindən irəli sürülsə də, onun da adı partiyanın deputatlığa ilkin namizədləri siyahısında yer almayıb. Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bunu V. Əyyubun şəxsən namizədliyi ilə bağlı partiya rəhbərliyinə müraciət etməməsi ilə əsaslandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR