2013-2014-cü illərdə məişət zorakılığının qurbanı olan 9 qadın barəsində mühafizə orderi tətbiq olunub

2013-2014-cü illərdə məişət zorakılığının qurbanı olan 9 qadın barəsində mühafizə orderi tətbiq olunub
# 05 mart 2015 12:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 2013-2014-cü illər ərzində Azərbaycanda məişət zorakılığının qurbanı olan 9 qadın barəsində mühafizə orderi tətbiq olunub.

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

Onun sözlərinə görə, mühafizə orderlərinin tətbiqi indiyə kimi Bakı və Sumqayıt şəhərlərində həyata keçirilib: “Bildiyiniz kimi, 2013-cü ilə qədər “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunun bu müddəası tətbiq olunmurdu. Bu problem həll olunmamış qalırdı. İndiyə qədər Bakı və Sumqayıt şəhərlərində məişət zorakılığından əziyyət çəkən 9 qadın barədə məhkəmələr tərəfindən dörd dəfə qısamüddətli, beş dəfə isə uzunmüddətli mühafizə orderi tətbiq olunub”.

E.Səfərov mühafizə orderinin tətbiqi sahəsində hələlik istənilən nəticənin əldə olunmadığını qeyd edib: “Biz komitə olaraq bu işlə bağlı maarifləndirmə işlərini mütəmadi aparırıq. Sadəcə, mühafizə orderinin tətbiqinə əngəl olan başlıca problem budur ki, məişət zorakılığının qurbanı olan qadınlar üçün hələ dövlət yardım mərkəzləri, sığınacaqlar yaradılmayıb. Bu, problem olaraq qalmaqdadır”.

Qeyd edək ki, 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununda zərər çəkmiş şəxsə qısamüddətli (30 gün müddətinədək) və ya uzunmüddətli (30 gündən 180 gün müddətinə) mühafizə orderi verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR