Lənkəranda bina üzlüklərinin sökülməsinə başlanılıb

Lənkəranda bina üzlüklərinin sökülməsinə başlanılıb
# 23 may 2015 12:56 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bakının Binəqədi rayonundan yerləşən 16 mərtəbəli binada baş verən yanğın hadisəsindən sonra Lənkəranda binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə başlanılıb.

APA-nın cənub bürosunun məlumatına görə, 3 il əvvəl şəhərin çoxmərtəbəli binalarının fasadına vurulmuş penopoliuretan üzlüklərin sökülməsi prosesi Lənkəran şəhər İcra Hakimiyyətində yaradılmış müvafiq komissiyanın qərara uyğun və birbaşa nəzarəti altında həyata keçirilir.

Qeyd edək ki, Lənkəranda 1 beşmərtəbəli, 3 dördmərtəbəli və 1 ikimərtəbəli bina penopoliuretanla üzlənib. Söküntü işləri həmin binaların hər birinə tətbiq olunacaq.

Lənkəran şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin binalarında istifadə olunan material Türkiyə istehsalıdır və birbaşa adıçəkilən qardaş ölkədən gətirilib. Həmin materiallar odda yanmır, amma onlarda ərimə prosesi gedir. Bununla belə vətəndaşların narahatlığı nəzərə alınaraq, onların sökülməsinə qərar verilib. Həmin binalar sonradan Lənkəranın memarlıq xüsusiyyətlərinə uyğun yüksək səviyyədə alternativ materiallarla üzlənəcək.

Onu da əlavə edək ki, Lənkəranda binaların fasadlarındakı üzlüklərin söküntü işləri günün sonuna kimi başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR