Rusiyada Azərbaycan diasporunun dəstəyi ilə inşa olunan idman kompleksinin açılışı olub - FOTO

Rusiyada Azərbaycan diasporunun dəstəyi ilə inşa olunan idman kompleksinin açılışı olub - <span style="color: red;">FOTO
# 10 noyabr 2015 00:21 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, Ümumrusiya Azərbaycan Konqresinin Tambov vilayəti üzrə nümayəndəliyi Tambovun Savinkov Fondu ilə birgə "Cudo-Sambo 2000" adlı idman kompleksini açıblar.

Ödənişsiz qaydada fəaliyyət göstərəcək idman kompleksi ən müasir idman ləvazimatları ilə təmin edilərək tambovluların istifadəsinə verilib. Açılış mərasimində Tambov şəhər dumasının sədri və deputatları, Rusiyanın məşhur idmançıları, Rusiya Cudo Federasiyasının məşqçiləri, diaspor üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.

ÜAK-ın Tambov vilayəti üzrə regional bölməsinin sədri, "Cudo-Sambo 2000" idman kompleksinin təsisçisi Rəhim Hüseynov məqsədlərinin gələcək nəslin sağlam ruhda böyüməsinə dəstək vermək olduğunu söyləyib: "Dövlətdən maddi dəstək olmadan öz təşəbbüsümüzlə bu məktəbi açdıq. Bizi bu addıma ilhamlandıran başlıca amil ölkəmizdə idmana verilən qiymətdir. Biz də, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların ümumi idman hərəkatına dəstək verməliyik. Ümumrusiya Azərbaycan Konqresi adından bu layihəni həyata keçirməklə düşünürəm ki, təşkilatımızın qarşısına qoyduğu tapşırıqlardan birinə yerinə yetirmişik".

Savinkov Fondunun prezidenti Yuriy Savinkov isə çıxışında layihənin əsas məqsədinin Azərbaycan- Rusiya xalqlarının yaxınlaşması olduğunu bildirib: "İstəyirik ki, bizim gələcək nəslimiz milliyyətindən asılı olmayaraq yaxşı müasir zallarda məşq etsin, pis vərdişlərdən uzaq olsunlar. Fəxr edirəm ki, biz şəhərimiz üçün vacib işi Azərbaycan xalqı ilə birgə həyata keçiririk".

Cüdo üzrə ikiqat dünya çempionu, Rusiya Cüdo Federasiyasının məşqçisi Rasim Ağamirov isə idman kompleksinin müasir tələblərə cavab verdiyini qeyd edib: "Kompleks tam beynəlxalq standartlara uyğundur. İdmançının yetişməsi üçün zalda hər şey var. İstərdim ki, bu addım tendensiyaya çevrilsin. Rusiyada yaşayan imkanlı soydaşlarımız belə komplekslər açsınlar".

Tambov Şəhər Dumasının sədri Viktor Putintsev idman kompleksinin qürur verici bir layihə olduğunu söyləyib: "Bu kompleks Tambovun gələcək nəsli üçün yaradılıb və Azərbaycan Rusiya dostluğunun bir nümunəsidir. Buna görə ÜAK-in regional bölməsinin sədri Rəhim Hüseynova təşəkkür edirəm".

Qeyd edək ki, kompleksin açılış mərasimi çərçivəsində Tambov idmançıları ilə Gəncə şəhərindən gəlmiş cüdoçular arasında dostluq görüşü də keçirilib. 500 min rubl dəyərində mükafat fondu hər iki komandanın üzvlərinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR