Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlər üçün müsahibənin vaxtı açıqlanıb

Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlər üçün müsahibənin vaxtı açıqlanıb
# 18 iyul 2018 15:27 (UTC +04:00)

Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyən, müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə söhbət aparılacaq.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından APA-ya verilən məlumata görə, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 26 may 2018-ci il tarixdə keçirilmiş növbəti test imtahanından uğur qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2018-ci ilin iyul ayının 30-dan etibarən söhbət keçirilməsinə başlanılacaq.

Müsahibə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR