Azərbaycanda ilk dəfə aortanın laylanmış anevrizması “hibrid metodla” müalicə edilib

Azərbaycanda ilk dəfə aortanın laylanmış anevrizması “hibrid metodla”  müalicə edilib
# 01 dekabr 2017 10:31 (UTC +04:00)

Mərkəzi Klinik Xəstəxanada Azərbaycanda ilk dəfə olaraq aortanın laylanmış (dissekan) anevrizması “hibrid metodla” müalicə edilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, əməliyyat Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib.

Aorta disseksiyası xəstəliyi barədə məlumat verən Kamran Musayev bildirib ki, insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan bu xəstəlik zamanı ölüm riski yüksəkdir:

“Ölüm riski yüksək olsa da, son illər kardiologiya və ürək-damar cərrahiyyəsində bu xəstəliyin müalicəsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Bu sahədə ən son nailiyyət aorta disseksiyasının (və dissekan anevrizmanın) “hibrid metodla” ləğvidir. “Hibrid metod” – klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə istifadə olunmasıdır. Bu yanaşmada daha kiçik miqyaslı açıq əməliyyatlarla endovaskulyar qapalı əməliyyatlar kombinasiya edilir. Beləliklə, böyük miqyaslı açıq əməliyyatlardan və onların ağırlaşmalarından yayınmaq olur. Eyni zamanda bu metodla xəstələrdə qan itkisinin və əlavə travmanın qarşısı alınır”.

Hibrid müalicənin dünyanın qabaqcıl ölkələrində son 10 ildə tətbiq edildiyini deyən K. Musayev bildirib ki, bu əməliyyat ölkəmizdə ilk dəfə tətbiq edilir:

“Ciddi riskli aorta disseksiyası və aorta anevrizması xəstələri üçün ümid yeri, həyat xilasedici bir alternativ təşkil edən “hibrid müalicə” dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq edilməyə başlayıb. Bizim bu müalicə metodunu ilk dəfə tətbiq edərək əməliyyat etdiyimiz xəstə 39 yaşında kişi idi. Əməliyyat üçün lazımi hazırlıq işləri bütün incəliklərinə qədər nəzərdən keçirildikdən sonra xəstə əməliyyata alındı. Ciddi risk daşımasına baxmayaraq komandamızla birgə daha bir uğurlu əməliyyat həyata keçirdik . Artıq xəstəmizi sağalma ilə evə yazmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR