BANM-də Erasmus+ günü keçirilib

 BANM-də Erasmus+ günü keçirilib
# 05 dekabr 2016 09:05 (UTC +04:00)

Bakı Ali Neft Məktəbi (BANM) ilk dəfə Avropa İttifaqının Erasmus+ proqramı üzrə milli nümayəndəliyi ilə birgə Erasmus+ proqramı ilə bağlı Azərbaycanın ali təhsil müəssisələri üçün Məlumatlandırma günü keçirib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Milli Erasmus + ofisi ilə birgə keçirilən tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin təmsilçisi və bir sıra səfirliklərin əməkdaşları, Bakı, Naxçıvan Muxtar Respublikası, Sumqayıt, Lənkəran və Mingəçevirdə yerləşən ali təhsil müəssisələrinin rəhbərləri və təmsilçiləri, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Rektor Elmar Qasımov tədbirin ölkədə ali təhsilin gələcək inkişafı və Azərbaycan ali təhsil müəssisələrinin Avropa İttifaqı ölkələrinin universitetləri və təhsil strukturları ilə beynəlxalq əməkdaşlığı üçün əhəmiyyətindən danışıb. Erasmus+ və Avropa İttifaqı tərəfindən dəstəklənən digər təhsil proqramlarının səmərəli istifadə olunmasının zəruriliyinə toxunan Elmar Qasımov vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələri 1995-ci ildən TACİS/Tempus kimi layihələr daxil olmaqla həmin proqramlarda iştirak edir. Rektor Erasmus+ proqramı çərçivəsində carı ildə BANM və Yunanıstanın Pirey Tətbiqi Elmlər Universiteti arasında müqavilənin imzalanması barəsində məlumat verib.

Jeron Uilems deyib ki, təmsil etdiyi qurum Təhsil Nazirliyi və ölkənin ali təhsil müəssisələri ilə işləyərək, onlara Avropa təhsil sisteminə inteqrasiya olunmaqda kömək göstərir.

Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə eksperti Pərvin Qəhrəmanova, SOCAR-ın vitse prezidentinin müavini Asif Şəfəqqətov, Erasmus+ proqramının milli nümayəndəliyinin rəhbəri Pərviz Bağırov, British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elizabet Vayt, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərlə iş üzrə attaşesi Batist Minyo, SOCAR-ın elm və texniki şöbəsinin əməkdaşı Nazim Vəliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssisi Rza Zülfüqarlı çıxış ediblər.

Sonra tədbir iştirakçıları hesabatları dinləyiblər. Çıxışlar və məruzələr dinlənildkdən sonra müzakirələr və sual-cavab sessiyası olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR