Bakıda "Gömrük yoxlaması və təhqiqat funksiyalarının təkmilləşdirilməsi" mövzusunda seminar keçirilir

Bakıda "Gömrük yoxlaması və təhqiqat funksiyalarının təkmilləşdirilməsi" mövzusunda seminar keçirilir
# 27 noyabr 2017 12:20 (UTC +04:00)

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Gömrük yoxlaması və təhqiqat funksiyalarının təkmilləşdirilməsi" mövzusunda seminar işə başlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətidən "APA-Economics"ə verilən məlumata görə, ÜGT-nin keçirdiyi seminar Azərbaycan gömrük orqanlarının gömrük nəzarətinin təşkili və hüquqpozmalara qarşı mübarizə sahəsində çalışan əməkdaşları üçün nəzərdə tutulub.

Tədbirin açılış mərasimində çıxış edən DGK sədrinin müavini Şahin Bağırov məlumat verib ki, ÜGT-nin potensialın gücləndirilməsinə dair 2017-2018-ci illər üzrə Korporativ Planına Azərbaycan gömrük xidməti üçün bir sıra tədbirlər daxil edilib. Bunlardan biri də "Gömrük yoxlaması və təhqiqat funksiyalarının təkmilləşdirilməsi" mövzusunda seminardır.

Komitə sədrinin müavini bildirib ki, seminarda məqsəd gömrük nəzarətinin bir sıra aspektləri, o cümlədən hüquqpozma faktlarının aşkar olunması, bu faktlar üzrə müvafiq araşdırmanın aparılması ilə bağlı qabaqcıl təcrübəni Azərbaycan gömrük xidmətinin əməkdaşları ilə bölüşməkdir. Seminara gömrük nəzarəti və hüquqpozmalara qarşı mübarizəni həyata keçirən gənc kadrların qatılmasının önəmini qeyd edən Ş. Bağırov vurğulayıb ki, mövcud praktika daim təkmilləşdirilməlidir.

ÜGT katibliyinin əməkdaşı David Kane azərbaycanlı həmkarları ilə görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, gömrük işinin bütün sahələrində yeni dövrün qlobal çağırışlarına uyğun fəaliyyət göstərmək üçün qarşılıqlı təcrübə mübadiləsi zəruridir. Bu baxımdan, seminar gömrük nəzarətinin təşkili və hüquqpozmalara qarşı mübarizə sahəsində bilik və bacarıqları artırmaq üçün əlverişli imkandır.

D. Kane seminar zamanı yalnız Azərbaycan gömrük əməkdaşlarına təlim keçməklə kifayətlənmək istəmədiyini, həmçinin azərbaycanlı həmkarlarının da çağırışlarını, bilik və təcrübəsini öyrənməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Sonra seminar işə başlayıb. Üçgünlük seminarda hava limanlarında gömrük keçid məntəqələri, gömrük yoxlamaları prosedurları və fiziki baza, dənizdə gömrük nəzarəti, gömrük araşdırmaları, müsahibə alınması metodları, kəşfiyyat əsaslı hədəfləmə və əməliyyat planlaması, nağd pul qaçaqmalçılığı, qaçaqmalçılıq və elektron ticarətin araşdırılması məsələləri barədə məruzələr dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR