Bakı Ali Neft Məktəbi yeni tədris ilinə başlayıb

Bakı Ali Neft Məktəbi yeni tədris ilinə başlayıb
# 15 sentyabr 2017 12:06 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) 2017/2018-ci tədris ilinin başlanması münasibəti ilə “Bilik günü”-nə həsr olunmuş təntənəli mərasim keçirilib.

BANM-dən APA-ya bildirilib ki, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, SOCAR-ın vitse-prezidentləri, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Rektor Elmar Qasımov 2017/2018-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən I qrup üzrə 25 təqaüdçüdən 24 nəfər Bakı Ali Neft Məktəbinin tələbəsidir.

Rektor qeyd edib ki, bu il Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına minimal keçid balı 685 olub və bu, ölkə üzrə rekord göstəricisi sayılır. Digər iki ixtisas - “Kimya mühəndisliyi” və “Neft qaz mühəndisliyi” ixtisaslarının minimal keçid balları da artaraq, müvafiq olaraq 662 və 663 bal olub. Rektor I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbənin hər biri məhz bu ali təhsil müəssisəsini seçdiyini xüsusi vurğulayıb.

“İlk 102 məzun SOCAR-da, SOCAR Polymer, SOCAR AQŞ, SOCAR Upstream, Turkiyədə PETKİM və STAR kimya zavodları, transmilli şirkətlərə - BP, Maire Technimont Group, Halliburton və digər şirkətlərdə işlə təmin olunublar. Eyni zamanda, BANM-in və dünyanın bir çox inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunublar. Bunlardan, Stenford Universiteti, Colorado School of Mines (ABŞ), Hamburg-Harburg Texnik Universiteti, Friedrich-Alexander Erlangen Nürnberq Universitetinin (Almaniya) və digər bir sıra xarici ali məktəblərlə siyasını davam etdirmək olar”, - deyə E.Qasımov bildirib.

Rövnəq Abdullayev ingilis dilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM-də hazırlanan gələcək mühəndis kadrların Azərbaycan sənayesinin inkişafına dəyərli töhfə verəcəyinə əmin olduğunu bildirib.

Qari Counz ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM kimi ali təhsil ocağı ilə əməkdaşlıq qurmaqdan məmnunluğunu ifadə edib. O, BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib.

Xoşbəxt Yusifzadə öz çıxışlarında BANM-in tələbələrini təbrik edərək onlara gələcək karyeralarında uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb.

Yaqub Piriyev Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balına malik ixtisasının məhz BANM-də olmasını və ən istedadlı abituriyentlərin bu ali təhsil ocağını seçməsini xüsusi vurğulayıb.

Sonra 2017/2018-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrə tələbə vəsiqələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR