Palata: Dövlət büdcəsinə transfertin məbləği ARDNF-in ehtiyatlarına mənfi təsir göstərməyəcək

Palata: Dövlət büdcəsinə transfertin məbləği ARDNF-in ehtiyatlarına mənfi təsir göstərməyəcək
# 05 dekabr 2016 08:43 (UTC +04:00)

Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim etdiyi rəyə əsasən neft sektorundan daxilolmaların dövlət büdcəsi gəlirlərində payı 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 54,8%-dən 2017-ci ilə 49,2%-dək azalma ilə proqnozlaşdırılıb.

"APA-Economics" Palatanın rəyinə istinadən xəbər verir ki, ümumilikdə 2017-ci il üçün büdcə gəlirlərində proqnozlaşdırılmış azalma əsasən Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcminin əvvəlki illə müqayisədə 19,9% az proqnozlaşdırılması ilə bağlı olub. Ümumiyyətlə, ARDNF-in transfertinin dövlət büdcəsi gəlirlərindəki payı cari illə müqayisədə 45,3%-dən 38,2%-dək azalma ilə nəzərdə tutulub. Hesablama Palatasının fikrincə, bu addım makro-fiskal çərçivənin balanslaşdırılması ilə yanaşı ARDNF-nin aktivlərinin qorunmasına da xidmət edəcək.

Cari ilin dürüstləşdirilmiş büdcə parametrləri ilə müqayisədə 2017-ci ilin büdcəsində neftin qiymətinin 15 dollar yüksək götürülməsi SOCAR üzrə büdcə daxilolmalarının 1,28 mlrd. manat və hasilatın pay bölgüsü üzrə mənfəət vergisinin həcminin 475 mln. manat nəzərdə tutulması ilə şərtlənib. Bu da vergi orqanları tərəfindən neft sektoru üzrə cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq SOCAR-dan daxilolmalardan 40 mln. manat və hasilatın pay bölgüsü üzrə mənfəət vergisi üzrə daxilolmalardan 105 mln. manat çoxdur.

Təhlil göstərir ki, yalnız ARDNF-nin gəlirləri nəzərə alınmadan hesablanan qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-ə faiz nisbəti 23,1%, bütün neft komponentləri nəzərə alınmaqla 27,3% nisbətində proqnozlaşdırılıb. Qeyri-neft ilkin büdcə balansının qeyri-neft ÜDM-nə faiz nisbəti ilə bağlı Hesablama Palatasının apardığı təhlillər bu nisbətin qarşıdakı ildə azalacağını göstərir.

Bütün metodikalar əsasında aparılan hesablamalar nəticəsində qeyri-neft büdcə balansının qarşıdakı ildə azalacağı proqnozlaşdırılır. Lakin bu amil yalnız neft sektorundan daxilolmaların azalması ilə deyil, həm də qeyri-neft ÜDM-nin həcminin artması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR