Elmar Məmmədyarov Kubanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Kubanın yeni səfirini qəbul edib
# 05 dekabr 2016 12:23 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib. O, iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini deyib. E. Məmmədyarov Kuba inqilabının lideri Fidel Kastro Rusun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

Görüşdə Azərbaycan və Kuba arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından söz açan E. Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə hərəkatın XVIII zirvə toplantısına ev sahibliyi edəcəyini xatırladıb, QH-nın fəal üzvlərindən biri kimi Kuba ilə bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını diqqətə çatdırıb.

Səfir BMT çərçivəsində Kubanın mövqeyini davamlı şəkildə dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib. Nazir isə Kubanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin təqdir edildiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR