Peterburq Forumunda Rusiya, Fransa və Yaponiya liderlərinin iştirakı ilə plenar iclas keçirilib

Peterburq Forumunda Rusiya, Fransa və Yaponiya liderlərinin iştirakı ilə plenar iclas keçirilib
# 25 may 2018 17:39 (UTC +04:00)

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya, Fransa və Yaponiya liderlərinin iştirakı ilə plenar iclas keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, plenar iclasda Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Yaponiya baş naziri Sindzo Abe, Çin Xalq Respublikası sədrinin müavini Van Tsişan və Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard iştirak ediblər.

Plenar iclasın moderatoru “Bloomberg” beynəlxalq informasiya holdinqinin baş direktoru Con Mikletveyt olub.

V. Putin çıxışında hazırda beynəlxalq münasibətlər sisteminin sınaqdan keçdiyini söyləyib. Onun sözlərinə görə, beynəlxalq siyasi, iqtisadi və ticarət münasibətləri sistemi möhkəmliyə görə ciddi sınaqdan keçir.

Rusiya prezidenti dünya iqtisadiyyatında normaların pozulması və etibarın itməsi məsələsinə də toxunub. O, hadisələrin bu cür gedişatının dünyanın heç vaxt qarşılaşmadığı sistemli böhrana səbəb olacağını söyləyib.

Fransa prezidenti Emmanuel Makron isə daha çox ölkəsinin Rusiya ilə əlaqələrinə toxunub. Fransanın Rusiyanın Avropa Şurasında qalmasının istədiyini söyləyən E. Makron Paris və Moskva arasında strateji dialoqun yeni dinamika qazanmasının tərəfdarı olduğunu vurğulayıb.

Yaponiya baş naziri Sinzo Abe də çıxışında ölkəsinin Rusiya ilə əlaqələrindən danışıb. O, sabah yenidən Vladimir Putinlə Moskvada görüşəcəyini söyləyib. Abe Putinlə sabah baş tutacaq görüşün sayca 21-ci olacağını qeyd edib.

Sonra Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard və Çin Xalq Respublikasının sədr müavini Van Tsişan çıxış ediblər. Plenar iclas beynəlxalq gündəmdə olan hadisələrin müzakirəsi ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR