Ötən il Naxçıvan İrandan 42,6 mln. kVt/saat elektrik enerjisi alıb

Ötən il Naxçıvan İrandan 42,6 mln. kVt/saat elektrik enerjisi alıb
# 17 yanvar 2018 09:02 (UTC +04:00)

2017-ci il ərzində Naxçıvan Muxtar Respublikasının elektrik şəbəkələrinə 474 mln. 323 min 355 kVt/saat elektrik enerjisi daxil olub.

APA-Economics”in məlumatına görə, bunu Naxçıvan Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev bildirib.

Onun sözlərinə görə, bunun 42 mln. 632 min kVt/saat İrandan alınıb, qalanı isə muxtar respublikanın elektrik stansiyaları tərəfindən ödənilib: “Bəhs olunan dövrdə İrana 426 mln. 25 min kVt/saat elektrik enerjisi verilib. Ötən il xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında təmir işləri aparılıb. Tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib”.

O bildirib ki, ötən il muxtar respublikanın şəhər və kəndlərində 1 ədəd 35/10 kilovoltluq və 20 ədəd 10/04 kilovoltluq yeni transformator yarımstansiyaları quraşdırılıb, 46 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib: “16,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilib. Həmçinin 110/35/10 kilovoltluq “Koroğlu” yarımstansiyasını qidalandıran ikidövrəli 110 kilovoltluq “Naxçıvan-1” və “Naxçıvan-3” hava elektrik verilişi xətlərinin 1,2 kilometrlik hissəsi 110 kilovoltluq yeraltı kabel xətti ilə əvəzlənib. Hesabat dövründə Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında yerləşən transformator təmiri sexlərində 102 ədəd 10/04 kilovoltluq transformatorlar təmir edilərək şəbəkələrə qaytarılıb”.

N. Paşayev vurğulayıb ki, ötən il Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların qoyulması işləri uğurla aparılıb: “Ötən il ərzində 6019 ədəd belə sayğac quraşdırılaraq, ümumilikdə, smart-kart tipli sayğacların sayı 20 765-ə çatdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR