İtaliyada Azərbaycanın İpək Yolunun bərpasına verdiyi töhfələrdən danışılıb

İtaliyada Azərbaycanın İpək Yolunun bərpasına verdiyi töhfələrdən danışılıb
# 20 oktyabr 2017 23:22 (UTC +04:00)

Oktyabrın 19-da İtaliyanın paytaxtı Romada Türk Mədəniyyət Mərkəzi - Yunus Emre İnstitutunun İtaliya təmsilçiliyi, “Fondazione Ugo Spirito e Renzo De Felice” fondu və “Eurosis Consulting” şirkətinin birgə təşkilatçılığı ilə “Yeni İpək Yolu: İqtisadi və mədəni şəbəkənin qurulması” mövzusunda Konfrans keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İpək Yolunun bərpasında Azərbaycanın rolundan danışıb, ölkəmizin Şərqlə Qərb arasında strateji bir körpü rolunu oynadığını qeyd edib. Azərbaycanın nəqliyyat potensialı barədə məlumat verərək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, bu yaxınlarda inauqurasiyası olacaq Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının, eləcə də ölkəmizin nəqliyyat infrastrukturun modernləşməsi istiqamətində həyata keçirilmiş layihələrin əhəmiyyətindən danışıb. Ölkəmizin təşəbbüsü ilə İpək Yolu üzərində reallaşdırılmış və reallaşdırılmaqda olan neft-qaz kəmərləri layihələri barədə məlumat verən M.Əhmədzadə bu xüsusda Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin xüsusi strateji əhəmiyyətini vurğulayıb. M.Əhmədzadə regionda təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyini də qeyd edib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün regionda sülh və sabitliyə təhdid olduğunu bildirib.

Tədbirdə iştirak edən Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun beynəlxalq münasibətlər üzrə katibi Rüstəm Məmmədov öz çıxışında türkdilli xalqların mədəniyyətinin və irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində Fondun fəaliyyəti, həyata keçirdiyi tədbir və layihələr barədə məlumat verib. Rüstəm Məmmədov Azərbaycanın mədəniyyətlərarası dialoqda iştirakı və mühüm rolunu vurğulayıb, bir çox mühüm mədəni abidələrin yerləşdiyi ərazilərin hal-hazırda Ermənistanın işğalı altında olması faktları barədə danışıb. R.Məmmədov ümumilikdə, İpək Yolunun bərpasında əməkdaşlığın vacibliyi və burada mədəni mübadilənin və mədəniyyətlərarası dialoqun başlıca rol oynamasını vurğulayıb, bu istiqamətdə Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun əməkdaşlığa hazır olması və gələcəkdə də bu məqsədə doğru fəaliyyət göstərəcəyini qeyd edib.

Tədbir iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edən sessiyalarla davam edib və həmin sessiyalarda aidiyyəti üzrə mövzular üzrə Azərbaycan-İtaliya əməkdaşlığına da toxunulub. İqtisadiyyat sahəsinə aid sessiyada çıxış edən Azərbaycan – İtaliya Ticarət Palatasının prezidenti Manuela Traldi İtaliya və Azərbaycan arasında ticarət-iqtisadi sahəsində əməkdaşlıq barədə danışıb. Mədəniyyət sahəsinə aid sessiyada çıxış edən Roma şəhərində yerləşən “La Sapienza” Universitetinin professoru Daniel Pommier İtaliya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, təhsil ocaqları arasında əlaqələrdən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR