DGK sədri DHL şirkətinin nümayəndə heyəti ilə görüşüb

DGK sədri DHL şirkətinin nümayəndə heyəti ilə görüşüb
# 01 fevral 2018 11:35 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti Zoltan Reszekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Gömrük sistemindəki son yeniliklər barədə də məlumat verən Aydın Əliyev bildirib ki, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.

DGK-nın fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verildiyini, Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektləri ilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri DHL Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib. Ötən il DHL Azərbaycan nümayəndəliyi əməkdaşlarının gömrük sahəsindəki biliklərinin artırılması üçün təşkil edilən təlimi nümunə göstərən A. Əliyev, qarşılıqlı işgüzar münasibətlərin inkişafının vacibliyini diqqətə çatdırıb, eyni zamanda cari ilin 2-4 may tarixlərində Bakıda keçiriləcək Gömrük və Loqistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il Assambleyası və Konfransına DHL şirkətinin nümayəndələrinin də qatılacağına ümidvar olduğunu bildirib.

DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse prezidenti Zoltak Reszek səmimi qəbula görə təşəkkürünü bildirib. Ötən il DGK tərəfindən DHL Azərbaycan nümayəndəliyi əməkdaşlarının gömrük sahəsindəki biliklərinin artırılması məqsədilə təşkil edilən təlimə görə də minnətdarlığını ifadə edən Z. Reszek, təlimin şirkət əməkdaşları üçün faydalarından məmnunluqla bəhs edib. DHL rəsmisi Bakıda keçiriləcək Gömrük və Loqistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il Assambleyası və Konfransında təmsil etdiyi qurum əməkdaşlarının iştirak edəcəyini bildirib, eyni zamanda bu ilin yayında Mingəçevir şəhərində təşkil olunacaq "Qlobal ticarətin avtomatlaşdırılması: gömrük xidmətində qərarların qəbul edilməsində "əşyaların interneti" və "böyük həcmli verilənlərin təhlili" mövzusunda ənənəvi konfransda fəaliyyət sahələri barədə təqdimatla çıxış etmək istəklərini dilə gətirib.

Görüşdən sonra qonaqlar Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələrlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR