AŞPA-nın Strasburqda keçirilən qış sessiyasının günün ikinci yarısındakı plenar iclası sərbəst müzakirələrə həsr olunub.
APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva müzakirələrdə çıxış edib.
Q. Paşayeva çıxışına Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlanda təşəkkür etməklə başlayıb: “Avropa Şurasının baş katibi dekabrın sonunda Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşma zamanı həlak olmuş azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış edib. Bununla bağlı Azərbaycan dövləti və Qızıl Xaç Cəmiyyətinin də çalışmaları var, amma təəssüf ki, bu günə qədər irəliləyiş yoxdur. Biz buradan cənab Yaqlandın çağırışına müsbət cavab verilməsinə çağırırıq. Biz cənab Yaqlanda və cənab Aqramunta azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdikləri açıqlamalara və çalışmalarına görə də təşəkkür edirik. Təəssüf ki, onların azadlığa buraxılması istiqamətində də hələ ki heç bir irəliləyiş yoxdur”.
Dünyada və Avropada yaranmış hazırkı vəziyyətə toxunan Q. Paşayeva bildirib ki, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multikulturalizmin genişlənməsi mövzusu AŞPA-nın daim gündəmində olmalıdır: “Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməli, bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin bütün Avropa və dünyada daha geniş yayılmasına çalışmalıyıq. Məlumat vermək istəyirəm ki, hər zaman bu məsələyə böyük önəm vermiş Azərbaycanda ötən il multikulturalizm ili elan edilib və bir sıra ölkədaxili tədbirlərlə yanaşı, il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirilib. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, həm də təhsil, kütləvi informasiya vasitələri və digər yollarla tolerantlığın daha da artması istiqamətində ciddi işlər görür. Azərbaycan prezidentinin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbəbdən də, Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq mənfi meyllərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multikulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və assambleyamızda tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var”.