Kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış məntəqələrinin qanuniləşdirilməsi təklif olunub

Kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış məntəqələrinin qanuniləşdirilməsi təklif olunub
# 01 fevral 2018 10:31 (UTC +04:00)

“Ölkənin müxtəlif yerlərində, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edilib. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar. Qanunsuz da olsa, bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və digər kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna bələdiyyə və icra hakimiyyətləri tərəfindən sənədlər verilib. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə kənd təsərrüfatı təyinatı təyinatlı torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Bu ciddi narahatlıq yaradır, biz buna baxmalıyıq”.

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında deputat Elmira Axundova deyib.

E. Axundova bildirib ki, problemi mümkün qədər tez həll etmək lazımdır: “Ya üzərindəki tikililər sökülərək torpaqlar kənd təsərrüfatı məqsədləri üçün istifadəyə qaytarılmalı, ya da kateqoriyası dəyişdirilərək, həmin torpaqlar yaşayış məntəqələri olaraq yenidən qeydə alınmalıdır. Kütləvi söküntüyə dövlətimiz heç zaman getməz, çünki bu, bir tərəfdən iqtisadi cəhətdən səmərəsizdir. Digər tərəfdən, minlərlə vətəndaşımızın uzun illər həmin evlərdə yaşadığını nəzərə alsaq, bu, həm də sosial problem yarada bilər. İkinci variant olaraq torpaqların təyinatının dəyişdirilməsi və beləliklə, vətəndaşların öz evlərinə qeydiyyata düşmələrinə imkan verilməsinə baxa bilərik. Qanunsuz da olsa, illər öncə salınmış bu yaşayış məntəqələrinin torpaqlarının təyinatı, kateqoriyası dəyişdirilərsə, vətəndaşlar uzun illər yaşadıqları evlərə mülkiyyət hüququ əldə etməklə, öz evlərinə qeydiyyata düşə biləcəklər, minlərlə tikililər dövlət qeydiyyatına alınacaq, bu da daşınmaz əmlak bazarında ciddi canlanma yarada bilərlər, qeydiyyata alınmış tikililər əmlak vergisinə cəlb olunacaq. Təklif edərdim ki, həmin yaşayış məntəqələri torpaqlarının təyinatı və kateqoriyasının qismən də olsa dəyişdirilməsi üçün müvafiq qanunda - Torpaq Məcəlləsi və ya digər qanun ola bilər - dəyişikliyin edilməsinə yaz sessiyası dövründə baxılsın. Əgər bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədirsə, onda bu qurum qaldırılan məsələyə ciddi münasibət bildirməlidir. İnanın ki, bu problemin həlli minlərlə ailənin sevincinə səbəb olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR