Sabirabad və Zaqatala rayonunda yanğın hadisələri baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunun Qasımbəyli kəndində ümumi sahəsi 30 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 2 m² sahədə əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Zaqatala rayonunun Axaxdərə kəndində isə tikintisi başa çatmamış ümumi sahəsi 84 m² olan birmərtəbəli tikilinin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.