Dövlət Dəniz Administrasiyasının rəisi Türkiyə səfiri ilə görüşüb

Dövlət Dəniz Administrasiyasının rəisi Türkiyə səfiri ilə görüşüb
# 03 fevral 2017 16:36 (UTC +04:00)

Dövlət Dəniz Administrasiyasında Türkiyənin Azərbaycandakı səfiri Örkan Özaralla görüş keçirilib.

Dövlət Dəniz Administrasiyasından APA-ya verilən məlumata görə, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasında və BDT-nin Alt Komitələrinin sessiyalarında, BDT-nin Şurasına keçirilən seçkilərdə Türkiyəyə həmişə yaxından dəstək verdiyi qeyd edilib. Eyni zamanda “Türk Loydu” təsnifat cəmiyyətinin ölkəmizdə fəaliyyətinin genişləndirməsi üçün münbit şəraitin olduğu nəzərə çatdırılıb.

Ö. Özaral Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olduğunu, Azərbaycandakı sürətli inkişaf prosesinin Dövlət Dəniz Administrasiyasının da fəaliyyətində nəzərəçarpacaq şəkildə hiss olunduğunu söyləyib. O, Azərbaycanın dəniz nəqliyyatı sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbedici xarakter daşıdığını, “Türk Loydu” təsnifat cəmiyyətinin də bu təsnifat cəmiyyətləri cərgəsində ön sıralarda olduğunu qeyd edib. Səfir Azərbaycanın dövlət bayrağı altında üzən bir neçə gəmiyə “Türk Loydu” təsnifat cəmiyyəti tərəfindən texniki nəzarətin həyata keçirildiyini xatırladıb və Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb.

Görüşdə Azərbaycanın dövlət bayrağı altında üzən 10-a yaxın gəminin Qara dənizdə həyata keçirilən yük daşımalarına yaxından cəlb edilməsi məsələsinə toxunulub, gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruri olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR