Taleh Bağırov, Cabbar Cabbarov və Abbas Hüseynov məhkəmə zalından çıxarılıb - YENİLƏNİB

Taleh Bağırov, Cabbar Cabbarov və Abbas Hüseynov məhkəmə zalından çıxarılıb - <span style="color: red;">YENİLƏNİB
# 30 noyabr 2016 14:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov şüşə qəfəsə salınmalarına etiraz ediblər. Cabbar Cabbarov şüşələrin çıxarılacağı ilə bağlı verilən sözə əməl olunmadığını bildirib.

Hakim isə ona məhkəmədə usta və mühəndis olmadığını deyib.

Daha sonra Fuad Qəhrəmanlı Göygöl rayonunda yaşayan Tacəddin adlı qohumunun 30 sutkalıq həbs edildiyini deyib. Hakim bildirib ki, belə bir fakt varsa, məhkəmənin sədrinə ərizə yazsınlar.

Prosesdə şahidlərin gəlmədiyi üçün fasilə elan edilib.

Fasilədən sonra prosesdə Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili Samir Haşımov ifadə verib. Ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında baş vermiş hadisələr barəsində danışan S. Haşımov istintaq zamanı verdiyi ifadəsini təsdiq edib.

O, istintaq zamanı ifadəsində 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində təxminən 100-150 nəfər şəxsin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb etmələrini bildirib. Qeyd edib ki, onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq inzibati binaya hücum etməyə çalışıblar və əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atıblar. Nəticədə bir neçə polis əməkdaşı xəsarət alıb. Köməyə gəlmiş çevik polis alayının əməkdaşlarının birgə əməliyyat tədbiri ilə iğtişaşın qarşısı alınıb, fəal şəxslərin tutularaq polis idarəsinə təhvil verilib.

Daha sonra vəkillərin suallarını cavablandıran S. Haşımov sualların çoxuna “bilmirəm”, “xatırlamıram” cavabını verib. S. Haşımovla təqsirləndirilən Cabbar Cabbarov, Abbas Hüseynov və Taleh Bağırov arasında mübahisə düşüb.

Onlar bir-birlərini təhqir ediblər. Bundan sonra hakim təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov, Abbas Hüseynov və Taleh Bağırovun zaldan çıxarılmaları barədə göstəriş verib.

İclasda fasilə elan edilib və bütün təqsirləndirilən şəxslər zaldan çıxarılıblar.

Fasilədən sonra hakim adları qeyd olunan təqsirləndirilən şəxslərdən başqa digərlərinin zala gətirilmələrini tələb edib. Lakin təqsirləndirilən şəxslər iclasda iştirak etmək istəməyiblər. Onlar Taleh Bağırov, Cabbar Cabbarov və Abbas Hüseynovun da iclasda iştirak etmələrini istəyiblər. Hakim təqsirləndirilən şəxslər olmadan iclasın davam etdirilməsi haqqında qərar qəbul edib və vəkillərdən şahidə sual vermələrini istəyib.

Lakin vəkillər təqsirləndirilən şəxslərin iştirakı olmadan iclasın keçirilməsinə razı olmayıb.

Buna görə iclas dekabrın 2-dək təxirə salınıb.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

***

saat 13.41

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov şüşə qəfəsə salınmalarına etiraz ediblər. Cabbar Cabarov şüşələrin çıxarılacağı ilə bağlı verilən sözə əməl olunmadığını bildirib.

Hakim isə ona məhkəmədə usta və mühəndis olmadığını deyib.

Daha sonra Fuad Qəhrəmanlı Göygöl rayonunda yaşayan Tacəddin adlı qohumunun 30 sutkalıq həbs edildiyini deyib. Hakim bildirib ki, belə bir fakt varsa, məhkəmənin sədrinə ərizə yazsınlar.

Prosesdə şahidlərin gəlmədiyi elan olunub. İclas günün ikinci yarısında davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR