Kürdəmirdə qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Kürdəmirdə qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 02 iyun 2018 09:47 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində həmyerlisini qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Mirzəyev Rahim Rəhim oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin martın 22-də Kürdəmir rayonunun Yenikənd sakini Qubatov Namiq Abdulbağı oğlu kənddə küt alətlə qətlə yetirilib. Hadisədən 5 ay sonra, avqustun 26-da qətli törətməkdə şübhəli bilinən həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Mirzəyev Rahim Rəhim oğlu polis tərəfindən saxlanılıb. Araşdırmalar nəticəsində qətlin söyüş üstündə törədildiyi məlum olub. Belə ki, R. Mirzəyev atasının məzar daşına qəbristanlıqda naməlum şəxsin ziyan vurmasını öyrəndikdən sonra N. Qubatovun yanında həmin əməli törədən şəxsin ünvanına təhqiramiz ifadələr işlədib. Bu zaman N. Qubatov əsəbiləşərək qəbir daşının özü tərəfindən sındırıldığını deyib və R. Mirzəyevi söyüb. Fiziki cəhətdən Namiqə gücünün çatmayacağını görən Rahim həmin gün gecə onun yaşadığı evin qapısını döyüb və qapı açılan kimi, küt alətlə Namiqin başına zərbə endirərək onu öldürüb.

Araşdırmalar zamanı o da məlum olub ki, kriminal aləmdə “Arıq” ləqəbi ilə tanınan R. Mirzəyev əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkumluq həyatı yaşayıb. Eyni zamanda, istintaq müəyyən edib ki, R. Mirzəyev avqustun 23-də kənd sakini, əvvəllər məhkum olunmuş Səfail Yunusovla Yenikənd kəndindəki mənzillərdən birinə girərək ev sahibəsini döyüb və oradan 5500 manat, 9200 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyalar oğurlayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirzəyev Rahim CM-nin 120.2.1, 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 228.1 maddələri ilə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR