Qafqaz Müsəlmanları İdarəsində Zərifə Əliyevanın anım günü keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Zərifə Əliyevanın anım günü keçirilib
# 15 aprel 2017 17:20 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsində (QMI) görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anım günü keçirilib.

QMİ-dən APA-ya bildirilib ki, əvvəlcə iştirakçılar Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Təzəpir Məscid Kompleksində davam etdirilən tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, xalqımız Zərifə Əliyevanın xatirəsini həmişə ehtiramla anır: “Zərifə Əliyeva İslam dininə, milli-mənəvi dəyərlərimizə bağlı bir azərbaycanlı xanım idi. Allahsız bir rejimin qadağalarına baxmayaraq, Zərifə xanım hər cümə günü Təzəpir məscidinə adam göndərirdi və dünyadan köçənləri üçün yasin oxutdururdu. Yadımdadır, məscidin günbəzinin təmirə ehtiyacı var idi, amma həmin dövrdə bunun üçün rəsmi qurumlardan maliyyə almaq mümkün deyildi. Belə bir vaxtda Zərifə xanım öz şəxsi vəsaiti hesabına məscidə yardım etdi, təmirin başa çatmasına köməklik göstərdi. Gəncədəki “İmamzadə” ziyarətgahının bu günə kimi gəlib çatmasında Zərifə xanımın zəhməti olub. Moskva guya camaatın şikayətini əsas gətirərək bu qədim dini abidəni məhv etməyə hazırlaşırdı, məhz Zərifə xanımın vaxtında müdaxiləsi və Heydər Əliyevin müdrik addımı nəticəsində “İmamzadə”ni sovet rejiminin hücumundan qorumaq, yenidən dindarların istifadəsinə vermək mümkün oldu".

Şeyxülislam deyib ki, Z. Əliyeva bu dünyadan erkən köçüb: "Heydər Əliyev Moskvada mühüm dövlət vəzifəsi tutmasına baxmayaraq, dəfn mərasiminin İslama uyğun keçirilməsinə şərait yaratdı. Onun göstərişi ilə mən Zərifə xanımın müsəlman qaydasınca dəfn edilməsinə rəhbərlik etdim. Ulu Öndər xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdandan sonra həyat yoldaşının məzarının Azərbaycana köçürülməsini istədi. Biz onun arzusunu həyata keçirdik və Zərifə xanımın nəşinin Moskvadan Bakıya gətirərək İslam qaydalarına uyğun dəfn etdik. Allah Zərifə xanımı rəhmət eləsin!”

QMİ sədri bildirib ki, Z. Əliyevanın anım mərasimində Azərbaycanda yaşayan digər dinlərin təmsilçiləri də iştirak edir. Bu, ölkəmizdəki birliyin, tolerantlığın, həmrəyliyin göstəricisidir.

Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Z. Əliyeva ilə bağlı xatirələrini danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR