“Azərbaycan Dəmir Yolları”nda gənclərlə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları”nda  gənclərlə görüş keçirilib
# 02 fevral 2018 11:32 (UTC +04:00)

2 fevral - Gənclər günündə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB-nin gənc üzvləri ilə görüşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, tədbir iştirakçıları öncə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonundan və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB-nin fəaliyyətindən bəhs edən video-rolikə baxıblar.

Ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışan C. Qurbanov bildirib ki, bu gün Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Gənclər Azərbaycanın ictimai - siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Ondan bir il sonra 1997-ci il fevralın 1-də isə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB-nin sədr müavini Həbib Misirov İB-nin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu təşkilatın əsas məqsədi milli mədəniyyətimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırılmasına yardımçı olmaq, eləcə də Aşıq Şəmşir yaradıcılığının öyrənilməsi, onun irsinin qorunması istiqamətində layihələr həyata keçirməkdən ibarətdir. Yarandığı gündən etibarən İB yeddi yüzə yaxın müxtəlif səpgili layihələr, yerli və beynəlxalq əhəmiyyətli konfranslar, xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları təşkil edib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir sıra layihələr reallaşdırıb. İB-nin beynəlxalq fəaliyyəti də çox uğurla davam və inkişaf etdirilir.

İB-nin üzvləri ölkəmizin tanınmış ziyalılarıdır və onların ətrafında yüzlərlə gənci birləşdirir. Bu gəncləri öz ətrafında toplayan İB-nin əsas məqsədlərindən biri də gənc nəslin vətənpərvər ruhda böyüdülməsidir.

Kəlbəcərli gənclər hər zaman dövlət və dövlətçiliyə sədaqətli olublar. Ölkəmizdə keçirilən seçkilərdə yüksək aktivlik göstəriblər, ətrafında sıx birləşiblər və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyən xəyanətkar müxalifətə qarşı hər zaman öz kəskin mövqelərini bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR